Korrupsiyanın başında korrupsiyaya qarşı “mübarizə aparan”lar durur

Baxış sayı:
5902

Baş prokurorluq 161 qaynar xəttindən korrupsiya amacı ilə yararlanır

Azərbaycan Respublikası Prezidentinin 04.04.2022 tarixli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı doğrulamasından 25 gün keçir. Gözləmək olardı ki, Plana uyğun olaraq, bütün dövlət qurumları korrupsiyaya qarşı mübarizədə güclərini ortaya qoyacaqlar. Amma ortaya qoyulan güc, nə yazıq, korrupsiyaya qarşı yox, korrupsiya uğrunda mübarizəyə yönəlib.
Təsəvvür edin, baş prokurorluq 161 qaynar xəttinə zəngləri ödənişli edib. 29.04.2022-ci ildə bir neçə mobil operator vasitəsilə 161-ə zənglər qəbul edilmədi ki, nömrə bağlıdır. (?) Oysa bu zənglər təcili qəbul edilməsi gərəkən zəng kateqoriyasına aiddir və anında qəbul edilməlidir. Onu da vurğulayaq ki, yoxlama amacı ilə baş prokurorluğun qaynar xəttinin “nömrə bağlıdır” adı ilə  qəbul etmədiyi zəngi DİN -in 102 xidməti anında cavablandırdı. Eyni zamanda əvvəllər belə qadağa yox idi. Yəqin baş prokurorluq korrupsiyaya qarşı mübarizəni zənglərə qadağa qoymaqla, anında balansdan   ödəniş silməklə “gücləndirmək” qərarına gəlib. Düzü, bu qərarın rabitə xidmətinin yanlış sayğacından doğduğunu düşündük. Bakceldən aldığımız cavabdan  necə “şok”a düşdüksə , az qala, orucu pozub, dərman qəbul edəcəkdik. Görün, Bakcell nə yazır :”Qısa nömrələrə olan zəngin hesablanması qısa nömrələrin özləri tərəfindən tənzimlənir.  Qeyd olunan (161) qısa nömrəsinə , ödənişli olduğundan,  zəng zamanı balansdan  vəsait silinib”. Belə bəlli olur ki ,  prokurorluğun başında duranlar elə korrupsiyanın da başındadırlar; özgə cür fikirləşməyə heç bir əsas yoxdur.
13 dəqiqə 13 saniyəyə 1.82 manat “korrupsiya haqqı” qarşılığında da adını deməkdən imtina edən növbətçi prokuror şikayəti qeydə almaqdan imtina etdi ki, 13 il qabaq Xətai məhkəməsinin Qarabağ qazisinə verdiyi otaqları borclular ƏMDK, Nizami RİH və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil cinayətkar dəstə şəklində ələ keçirmələrinə dair idarədə yüzlərlə şikayət qeydə alınıb və təkrar şikayətlər qeydə alınmır. 1.82 manatlıq rüşvət qarşılığında verilən 3611022 nömrəsi də “idarənin bir günlük ezamiyyətdə olduğunu” bildirib, təkrar zənglərə susqunluqla cavab verdi. Baş idarənin rəisi Nazim Rəcəbovun 3611002 nömrəsindən isə “yönləndirmə xidməti” göstərildiyi vurğulandı. Lakin yönləndirilən nömrələrin heç biri dəstəyi qaldırmadı .
Baş prokuror, yanındakı Korrupsiyaya qarşı mübarizə baş idarəsi korrupsiya ilə bağlı zənglərə “korrupsiya haqqı” tətbiq edib, hətta haqq qarşılığında “dövlət korrupsionerlərini” qoruyacaqsa, hansı hüquqdan , hansı dövlət müdafiəsindən danışmaq olar? Ritorik sualdır, deyilmi? “Ritoriklik” korrupsiyanın başında hökumətin başında, Prezidentin  yanında olan məmurların meydan sulamasından qaynaqlanır. Yoxsa, borclunun “əmlak kralları” Kərəm Həsənov, Rafiq Cəlilov, “icra padşahları” Tahir Budaqov , Arif Qasımov olmasının baş prokuror Kamran Əliyev , yanındakı  korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Nazim Rəcəbov üçün nə anlamı ola bilər? Anlam - mütəşəkkil korrupsiya zəncirində baş prokurorluğun bir həlqə olmasındadır.

Məğrur BƏDƏLSOY

P.S. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin zəngləri rüşvət haqqı ödəmədən qəbul etdiyi dönəmdə özünü Rəşad Məmmədov kimi təqdim edən şəxs baş idarədə 09.09.2021-ci ildə aldığı izahat üzrə qərarını 8 aydır vermir. 1.82 manatlıq rüşvət qarşılığında idarədə bu ad-soyadda işçinin olmadığı bildirildi. Buna da şükür qaynar rüşvət xidməti nəyəsə yaradı...