KORONAVİRUS GERİ ÇƏKİLMİR! - Ölkələr bir-birinin ardınca təcrid vəziyyətinə qayıdır

Baxış sayı:
2110

Artıq sözün əsl mənasında hər birimizin qapısına dirənən “COVİD-19”-un varlığına və real təhlükəsinə inanmayanların sayı minimuma ensə də, təəssüf ki, hələ də sosial şəbəkələrdə və əhali arasında sərt karantin rejiminin əleyhinə olan fikirlərə rast gəlinir. Nədənsə, bütün sivil dünyanın hesablaşdığı bu pandemiyanı ölkəmizdə hələ də gözardı etmək istəyənlər var.

Xüsusilə sərt karantin rejiminin yaratdığı narahatlıqlar, maddi və sosial problemlər qabardılaraq, qadağaların tətbiqinin əleyhinə olanlar var. Lakin təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunan tendensiya budur ki, koronavirus hələ ki, geri çəkilmək fikrində deyil. Əksinə, bu bəlanın yeni aktivləşmə ocaqları günü-gündən çoxalır. Və ən pisi də odur ki, mütəxəssislər epidemiyanın yayılma sürətinin nəinki azaldığını, əksinə, daha da artdığını bildirirlər.

Nəticədə müəyyən yumşalmalara gedən ölkələrin böyük əksəriyyəti bunun verdiyi əks effekti nəzərə alaraq, sərt karantin rejimi tətbiq etməyə, qadağaları artırmağa vadar olublar. Məsələn, bizə heç də uzaq olmayan Qazaxıstanda yaranan epidemioloji vəziyyət hökuməti iyulun 5-dən etibarən qapanma rejimini tətbiq etməyə məcbur etdi. Belə ki, Qazaxıstan hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədə iki həftəlik karantin rejimi elan edəcək. Bu barədə qərar ölkə hökumətinin iclasında qəbul edilib. Qərara əsasən, karantin müddətində bir sıra obyektlər bağlanacaq, insanların hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Açıq havada 3 nəfərdən artıq qrupların toplaşmasına icazə verilməyəcək. Və bu rejim həmin iki həftəlik müddət bitdikdən sonra da uzadıla bilər.

Qeyd edək ki, Qazaxıstanda son günlərdə yoluxma sayında kəskin artm qeydə alınıb. Təkcə ötən gün 1 604 nəfər koronavirusa yoluxub. Bu günədək ölkədə yoluxanların sayı 42 mini keçib, 188 nəfər ölüb.

Ukraynada da karantin rejiminin sərtləşdirilməsinə dair qərar verilib. Belə ki, xüsusilə paytaxt Kiyevdə yoluxma hallarının artması hökuməti bundan öncə yumşaldılmış karantin rejimini sərtləşdirməyə vadar edib. Artıq ictimai iaşə müəssisələri, əyləncə mərkəzləri, idman yarışları və digər kütləvi tədbirlərlə bağlı qadağalar bərpa olunmaqdadır. Həmçinin rəsmi mənbələr qeyd edir ki, paytaxtdan əlavə ölkənin 11 vilayəti karantin tədbirlərinin yumşaldılmasına hazır deyil.

Eyni vəziyyət İsraildə də müşahidə olunmaqdadır. Belə ki, İsrail hökuməti, ölkədə koronavirus xəstələrinin sayının kəskin artması fonunda iyulun 2-dən etibarən bir həftə ərzində Aşdod və Lod şəhərlərinin bir neçə məhəlləsində “məhdudlaşdırma zonaları” rejimi tətbiq edir.

Ümumiyyətlə, karantin tədbirlərini öncə yumşaldıb, sonradan epidemioloji durumun ağırlaşması səbəbindən qadağaları sərtləşdirən ölkələrin sayı kifayət qədər çoxdur. Eyni situasiya təkcə Avropa və Asiyada deyil, Amerika qitəsində də müşahidə olunmaqdadır. ABŞ-dakı vəziyyət hamıya məlumdur və bu ölkə koronavirusun fəsadları baxımından dünya liderliyini qoruyur. Cənubi Amerika ölkələri də bu baxımdan heç də ürəkaçan vəziyyətdə deyil.

Misal üçün Argentina hökuməti son günlər karantin rejiminin sərtləşdirilməsi qərarına gəlib. Belə ki, hökumət bir müddət əvvəl karantinin yumşaldılmasına dair verdiyi qərarı ləğv edib. Əhalini yenidən özünü təcrid rejiminə keçirən hökumət insanların ancaq zəruri ərzaq və tibb məhsulları üçün evdən çıxa biləcəyini bildirib. Yalnız həyati əhəmiyyətli müəssisələr öz fəaliyyətini davam etdirəcək və bütün iaşə müəssisələri, idman, əyləncə mərkəzləri və s. qapadılacaq. Ölkədə sərt karantin rejimi iyulun 17-dək uzadılacaq və həmin tarixdən sonra veriləcək qərar isə epidemioloji duruma bağlı olacaq.

İnsanların bu qadağalara dair narazılıqlarına münasibət bildirən ölkə Prezidenti Alberto Fernandes isə əhaliyə müraciət edərək, bunları deyib: “Mən istəyirəm ki, anlayasınız – Alberto Fernandes karantinə vurğun deyil, həyata vurğundur! Ona görə də biz bu cür qərar qəbul etmişik...”

Göründüyü kimi, sadaladığımız və sadalamadığımız ölkələrin hər birinin özünə görə sosial, iqtisadi, hətta siyasi problemləri var. Ancaq dünyanın böyük hissəsində ölkə hökumətlərini karantinin ağır sosial-iqtisadi durum yaratmasına rəğmən, birinci növbədə əhalinin sağlamlığı, yaşamaq hüququ maraqlandırır. Və dünyanın bir parçası olan Azərbaycan da bu yolu tutmağa məcburdur. Doğrudan da, heç kim karantinin vurğunu deyil, lakin təəssüf ki, hələlik bu bəladan qorunmağın başqa yolu yoxdur.../Azpolitika.info