“KÖKƏ TÜKƏNİB, QAMÇI VAXTIDIR...” - “Putinlə “iki addım irəli, bir addım geri” taktikası Trampı yorub”

Baxış sayı:
421

Donald Tramp Vladimir Putindən getdikcə daha çox məyus olduqdan və onu Ukraynadakı müharibənin bitməsinə əsas maneə kimi gördükdən sonra Rusiya neft tankerlərini ələ keçirmək qərarına gəlib. Eləcə də "sarsıdıcı sanksiyalar"a dair qanun layihəsinin qəbul edilməsini təsdiqləyib.

Bu barədə "The Telegraph" qəzeti Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Ağ Evin bu addımları Moskvaya Ukraynada həll yolunun tapılması vaxtının qısaldığına dair bir siqnaldır. Çünki Tramp administrasiyası Putinin danışıqlar prosesini qəsdən gecikdirdiyinə artıq əmindir. Trampın yaxın ətrafına aid mənbə onun yanaşmasını "qamçı və kökə" kimi təsvir edərək, "kökənin artıq tükəndiyini" qeyd edib. Başqa bir mənbə Rusiyanın "iki addım irəli, bir addım geri" taktikasının dövlət başçısı üçün getdikcə "yorucu" hala gəldiyini vurğulayıb.

"The Telegraph" qəzeti qeyd edir ki, Tramp keçmişdə Putin haqqında tez-tez müsbət danışıb və münaqişəni uzatmaqda onu yox, Ukraynanı günahlandırıb. Lakin bir neçə ABŞ rəsmisinin fikrincə, onun administrasiyasının mövqeyi tədricən Avropa müttəfiqlərinin Moskvanın qəsdən vaxt uzatmasına dair fikirləri ilə uyğunlaşır.

ABŞ administrasiyasının keçmiş rəsmilərindən biri bildirib ki, Vaşinqton getdikcə Rusiyanın danışıqlara hazır olduğunu nümayiş etdirdiyi, lakin konkret məsələlər müzakirə edildikdə ya mövqeyini sərtləşdirdiyi, ya da müvəqqəti olaraq danışıqlardan geri çəkildiyi bir vəziyyətlə qarşılaşır. O qeyd edib ki, Ukrayna Rusiya ilə müqayisədə güzəştə getməyə daha çox hazırdır və Tramp administrasiyası da bu yanaşmanı görür.

Nəşr xatırladır ki, Trampın Putinin səmimi sülh niyyətlərinə inamına dair əvvəlki açıqlamaları Kiyevin Avropa tərəfdaşlarını narahat edib. Avropalılar Tramp və Putin arasındakı isti təmasların tez-tez Ukraynanın mülki infrastrukturuna raket və PUA zərbələri ilə müşayiət olunduğunu qeyd ediblər. Britaniyalı rəsmilərdən biri bildirib ki, bu fonda Tramp administrasiyasının "zehniyyəti" münaqişəyə dair Avropa baxışına əvvəlkindən daha yaxın olub. Onun sözlərinə görə, "Putinin daimi qəddarlığı, alçaq davranışı və oyun oynaması Ağ Ev administrasiyası tərəfindən diqqətdən kənarda qalmır".

Xatırladaq ki, 9 yanvarda ABŞ Sahil Mühafizəsi Atlantik okeanında Rusiya neftinin daşınmasına görə sanksiya tətbiq edilən "Olina" (əvvəllər "Mivera M") tankerini ələ keçirib. "Olina" son dövrlərdə ABŞ Sahil Mühafizəsi qüvvələri tərəfindən ələ keçirilən beşinci tanker olub. Bundan əvvəl Rusiyanın "kölgə donanması" ilə əlaqəli “Bella 1” tankeri və “M Sophia” gəmisi müsadirə edilmişdi.

“The New York Times” qəzetinin məlumatına görə, ABŞ hazırda 16 tankeri təqib edir. “Veronica” (dəyişdirilmiş adı “Galileo”) kimi bəzi gəmilər təcili olaraq adlarını dəyişdirir və həbsdən yayınmaq üçün Rusiya bayrağı altında qeydiyyatdan keçirlər. Lakin “Olina”-da olduğu kimi, ABŞ tərəfi buna məhəl qoymaya bilir.

Bundan əlavə, Donald Tramp Respublikaçı senator Lindsi Qrehemin təqdim etdiyi yeni "sarsıdıcı sanksiyalar"a dair qanun layihəsinə yaşıl işıq yandırıb. Təşəbbüs Rusiya enerji ehtiyatlarını və xammalını alan ölkələrdən idxala 500%-lik rüsum tətbiq etməyi təklif edir. Bütün bunlar Tramp administrasiyasının Putinlə yalnız onun anladığı güc dilində danışmaqdan başqa yolun olmadığını başa düşdüyünün siqnalları sayılır.

C.Məmmədli