Köhnə “iPhone” üstündə "Şahənşah"da qan töküldü, cinayətkarlar hələ də tutulmur - QARABAĞ DÖYÜŞÇÜSÜ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ - FOTOLAR

Baxış sayı:
22003

Bakı şəhəri, Biləcəri qəsəbəsinin sakini, Qarabağ müharibəsi iştirakçısı, ikinci qrup əlil Lətifi Seyid Həmzə 18 yaşlı oğlunu bıçaqlayan şəxslərin bu günə kimi də məsuliyyətə cəlb edilmədiklərini deyir. Qarabağ qazisi cinayətkarların həbs olunması və istintaqın obyektiv, ədalətli aparılması üçün ölkə başçısından kömək istəyir.

Virtualaz.org-a müraciət edən Lətifi Seyid Həmzənin dediklərindən belə məlum olub ki, “Odlar Yurdu” universitetinin ikinci kursunda oxuyan 18 yaşlı oğlu Lətifi Mirşəhram tələbə yoldaşı Nurlandan 300 manata “iPhone 6” markalı telefon alıb. Telefonun pulunun yarısını əvvəlcədən, yarısını isə iki ay ərzində ödəyəcəyi ilə bağlı öz aralarında razılığa gəliblər.

Lakin Mirşəhram telefondan istifadə edərkən “iCloud” funksiyasının işləmədiyini görüb və Nurlana deyib ki, bu funksiyanın işləməsini təmin etsin, əks təqdirdə telefonun heç bir əhəmiyyəti qalmır. Bu səbəbdən də ona pulun yerdə qalan hissəsini telefonun təmirindən sonra verəcəyini bildirib. Nurlansa cavabında “iCloud” funksiyasının işləyib-işləməməsindən asılı olmayaraq məbləğin hamısını zorla Mirşəhramdan alacağı ilə hədələyib. Və onların arasında mübahisə böyüyüb.

Bu il avqustun 24-də “Şahənşah” şadlıq sarayında dostunun toy məclisində iştirak edən Mirşəhrama Nurlanın qohumları - Tural və Vüqar zəng edərək harada olduqlarını soruşublar. Mirşəhramın toyda olmasını öyrəndikdən sonra birbaşa həmin restorana gəliblər, ondan bayıra çıxmağı tələb ediblər.

”Oğlumun üstünə hücum çəkiblər, döyüblər. Mirşəhramın dostları onları ayırmağa çalışıblar. Həmin vaxt isə Nurlan avtomobildə əyləşib sifarişçi kimi bu mənzərəni kənardan seyr edib”,-şikayətçi deyir.

Dava zamanı Tural və Vüqar adlı şəxslər Mirşəhrama bir neçə bıçaq zərbəsi endiriblər. Daha sonra Nurlanla birlikdə hadisə yerindən qaçıblar. Yaralı təcili Klinik Tibbi Mərkəzə çatdırılıb, əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub: “Oğlumun sağ böyrəyinə, qaraciyərinə ağır xəsarətlər yetirilib. Cinayəti törədənlər isə bir dəfə də olsun onun vəziyyəti ilə maraqlanmayıblar”.

Lətifi Seyid Həmzə deyir ki, Nurlanın əmisi Hacı Rafiq ona zəng vurub, rüşvət təklif edib və susmağını istəyib: “Anlamırlar ki, mən əsgərəm, dövlətimə, övladıma xəyanət edə bilmərəm. Əmisi zəng vurub əvvəl 10 min manat, sonrasa 20 min manat təklif edir ki, şikayətçi olmayaq”.

Hazırda cinayət işi Binəqədi rayon Polis İdarəsində araşdırılır. İş müstəntiq Ramil Vəliyevin icraatındadır.

“Binəqədi rayon Polis İdarəsindən və Binəqədi rayon prokurorluğundan cinayəti törədənlərin, oğlumun qanını tökənlərin həbs olunmasını tələb etsək də, heç bir tədbir görmürlər. Hadisə hamının gözü önündə baş verib, ictimai yerdə törədilib, cinayət törədənlər də məlumdur. Yalnız birinin barəsində axtarış verilib, tapa bilmirlər. Bizə deyirlər ki, həmin adamlar vaxt istəyirlər, sizinlə barışacaqlar. Başa düşmürəm, oğlumun qanını tökən qudurğan şəxləri necə bağışlaya bilərəm axı?”- Lətifi Seyid Həmzə belə deyir.

Oğlu bıçaqlanan ata sözügedən cinayətdə əli olan şəxslərin məsuliyyətə cəlb olunmasını və istintaqın ədalətli şəkildə aparılması ilə bağlı ölkə başçısına müraciət ünvanlayıb. Ədalətin təmin olunmasını prezidentdən xahiş edir.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev virtualaz.org-a açıqlamasında deyib ki, zərərçəkmişin hüquqlarının polis tərəfindən tam təmin olunması üçün istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir. Toplanan materiallar üzrə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, ekspertiza təyin edilib: “Ekspertiza rəyinin nəticəsindən asılı olaraq maddənin cinayət işi üzrə tövsifinə yenidən baxılacaq. İstintaqdan yayınan şübhəli şəxs barədə axtarış tədbirləri davam edir. Əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Lətifi Seyid Həmzə əvvəllər İran İslam Respublikasının vətəndaşı olsa da, Qarabağ müharibəsi zamanı Ali Baş komandan Heydər Əliyevin çağırışına əsasən Azərbaycan Ordusuna qatılıb, N saylı hərbi hissənin komandiri olub, Füzuli, Tərtər, Ağdam və Murov istiqamətindəki döyüşlərdə iştirak edib. 1994-cü ildə Murovda yaralanıb. Ali Baş Komandan Heydər Əliyev tərəfindən ona vətəndaşlıq verilib. Atəşkəs elan edildikdən sonra isə ehtiyata buraxılıb. 1996-cı ildən YAP üzvüdür. Dövlət tərəfindən Qarabağ müharibəsi veteranı kimi mənzillə və avtomobillə təmin edilib.