​Kaş yeni Məclis köhnə kişilərdən xali olmasın!

Baxış sayı:
2161

Milli Məclis buraxıldı, URA!
Yaşasın Milli Məclis, URA!

Köhnə Milli Məclisin özünü buraxması ilə yeni Milli Məclisin formalaşmasına sayılı günlər qalır. Dünən özünü yarıtmaz sayanların yenidən “milləti yarıtmazlıq” kampaniyasına qoşulmaları, yumşaq desək, anlaşılan deyil.  Milləti yarıdan idinsə,  niyə özünü buraxırdın? Millətin səsi isə yenə də “ura” oldu. Milli Məclis buraxıldı, - ura! Milli Məclis formalaşır, - ura! Necə deyərlər, Məclis öldü, yaşasın Məclis!
Köhnə Məclisin 90 faizinin yenidən MSK-nın qapısında mandat növbəsində “boyunlarını burmaları” “bəlkə də qaytardılar” yetkisi bağışlayır. Boynumuza alaq ki, köhnə deputatlardan bir çoxunu yenidən deputat görmək ürəyimizcədir. Amma və nə yazıq, bizim ürəyimizcə olan deputatlar namizədliklərini irəli sürmədilər. Şəxsən bu sətirlərin yazarı üçün  Milli Məclisin sədr müavini Valeh Ələsgərovun,  Mətbuat Şurasının sədri Əflatun Amaşovun meydandan çəkilməsi ürəkaçan olmadı.  Bilirsiniz niyə? Sözün gerçək anlamında bu deputatlar gerçək millət vəkilliyi görəvində idilər. Nağıllarımızda deyildiyi kimi, tükü yandıranda özünü çatdıran ağ atlı oğlan kimi, zəng edəndə gecə-gündüz bilmədən yardıma yetən millət vəkilləri olublar. Hətta səlahiyyətlərindən könüllü imtina edəndən sonra da hər iki millət vəkili Qarabağ əlillərinə, şəhid ailələrinə xidmətdən imtina etmirlər. Nə yazıq, özləri də,  mobil nömrələri də daim əlçatan olan bu millət vəkillərinin  vəkillik xidmətindən daha yararlana bilməyəcəyik . Nə yaxşı, yeni Məclisə namizədlər arasında Vüqar Məmmədov, Məhəmməd Ərsoy kimi media nümayəndələri, dostlar var! Nə yazıq, Zahir Əzəmətin namizədliyini əsassız olaraq qeydə almadılar.
Yeri gəlmişkən, əmlak xidmətinin verdiyi arayışın yanlışlığına görə vətəndaşın passiv seçki hüququndan məhrum edilməsinin özü çox böyük yanlışlıqdır.
Kaş, seçki günü yanlışa yol verilməsin! Kaş yeni Məclis Valeh Ələsgərov, Əflatun Amaşov kimi köhnə millət vəkillərindən  - köhnə kişilərdən xali olmasın!

Məğrur BƏDƏLSOY