Karantin yenə yumşaldıldı, rayonlara gediş-gəliş açıldı, amma... - OPERATİV QƏRARGAHDAN AÇIQLAMA

Baxış sayı:
4207

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması barədə yeni qərar qəbul edib. Qərarda deyilir ki, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunub. 

Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib. 

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, 2020-ci il  sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb: 

- Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir;

- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla). 

“Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırırıq”,-Operativ Qərargah bildirir.