KAMRAN XƏLİLOV GÜRCÜSTANDA SAXLANILDI

“Borcalı” İctimai Birliyinin sədr müavini ölkəni tərk etmək şərtilə sərbəst buraxılıb
“Borcalı” İctimai Birliyinin sədr müavini Kamran Xəlilov Gürcüstanda saxlanılıb.
Muxalifet.az xəbər verir ki, Gürcüstan xüsusi xidmət orqanları K.Xəlilovun Faxralıdakı ata evində axtarış aparıb, daha sonra onu Bolnisi rayon polis şöbəsinə gətiriblər. Məlumata əsasən, o, bir neçə saat şöbədə saxlanıldıqdan sonra, Gürcüstan vətəndaşı olmasına rəğmən, ölkəni tərk etmək şərtilə azad edilib.
Qeyd edək ki, Kamran Xəlilovun özü bu haqda Muxalifet.az saytına açıqlama verib. O, əməkdaşımızla telefon söhbətində bildirib ki, Türkiyədən Faxralıdakı ata yurduna qayıtdıqdan az sonra evinə basqın olub: “Öncə onu deyim ki, mənim ailmə ilk dəfə deyil hücum edilir, bundan əvvəl də iki dəfə qanunsuz olaraq basqın olunub. Həmin vaxtlarda mən Azərbaycanda olmuşam, gəlib qardaşıma təzyiq göstərib, mənim siyasi fəaliyyətimlə bağlı ondan ifadə almağa çalışıblar. Bu dəfə isə, evə gəldiyimi bildikdən az sonra hücum edib, qanunsuz olaraq axtarış aparmağa başladılar. Evdə heç nə tapmadıqdan sonra, məni saxlayıb, polis şöbəsinə gətirdilər. Şöbədə olduğum zaman mənimlə bağlı kiminləsə tez-tez telefon əlaqəsi yaradır, məlumat verirdilər. Hiss edirdim, evimdə heç nə tapmadıqları üçün həbsimə səbəb axtarırlar. Görünür, sonradan inandırıcı bir arqument tapmadıqları üçün məni sərbəst buraxmağa məcbur oldular. Lakin bu zaman mənə açıq şəkildə bildirildi ki, Gürcüstanı tərk etməyin məsləhətdir”.
Kamran Xəlilov onu da bildirdi ki, onun saxlanılmasından sonra qardaşı Azərbaycanın Gürcüstandakı səfirliyinə və “Borçalı” İctimai Birliyinə bu haqda məlumat verib: “Hesab edirəm ki, səfirliyin müdaxiləsindən sonra məni sərbəst buraxıblar. Çünki onların məqsədi mənim evimdə nəsə tapmaq deyildi, bu basqın məhz məni həbs etmək niyyəti ilə həyata keçirilmişdi. Üstəlik, sanki bir nömrəli terrorçi Bin Ladenə qarşı əməliyyat keçirirlərmiş kimi, evimə azı 20 maşınla basqın edilmişdi”.
Muxalifet.az