​İranda azərbaycanlılara qarşı KÜTLƏVİ HƏBSLƏR BAŞLADI - 50 fəaldan xəbər yoxdur

Baxış sayı:
6412

İranda Cənubi azərbaycanlı fəallara qarşı yeni həbs dalğası başlanılıb.
Muxalifet.az bildirir ki, Cənubi azərbaycanlı fəal soydaşlarımızın publika.az-a verdiyi məlumata görə, 2 iyul tarixindən etibarən başlanılan həbs əməliyyatları çərçivəsində 50 Güney azərbaycanlı fəal İran Təhlükəsizlik Qüvvələri tərəfindən saxlanılıb.
Fəallar 5-6 iyul tarixlərində cənubi azərbaycanlıların azadlıq simvolu kimi qəbul etdiyi Babək Qalasında dinc toplaşmaqla bağlı çağırış ediblər. İran Təhlükəsizlik Qüvvələri isə dinc aksiyanı dağıtmaq məqsədilə fəalları həbs edib. Lakin təzyiqlərə baxmayaraq, cənubi azərbaycanlılar Babək qalasına toplaşa biliblər.
"Araznews" xəbər saytının verdiyi məlumata görə, hazırda həbs edilənlərin vəziyyəti və harda saxlanıldıqları ilə bağlı hər hansı məlumat yoxdur.
Qeyd edək ki, Cənubi azərbaycanlı fəallar 90-cı illərin sonlarından başlayaraq xalqa Tir ayının ikinci həftəsonu üçün (İkinci həftənin dördüncü və beşinci günləri) Kəleybər şəhərinin yaxınlığında yerləşən Babək Qalasına toplaşmalarına dair çağırış edirlər. Bu iki gün ərzində dinc aksiya çərçivəsində Azərbaycan musiqisi, rəqsləri və şeirləri səsləndirilməklə yanaşı, fəalların milli istəklərlə bağlı mitiqləri keçirilir. Fəallar, ana dilinin qadağan edilməsi və azərbaycanlılara qarşı ayrıseçkiliklər haqqında çıxışlar edib, istəklərini söyləyirlər.
Ötən bir neçə ildə İnqilab Keşikçiləri Ordusu (Sepah) bu toplaşmanın qarşısı almaq məqsədi ilə həmin tarixlərdə Babək qalası ətrafında hərbi parad keçirib. Eyni zamanda, qalaya getmək istəyənlərə qarşı təzyiqlər daha da sərtləşdirilib.