İRAN ÜZƏRİNDƏ QLOBAL FIRTINA: ABŞ–ÇİN SAVAŞI BAŞLAYIR... - Ağ Ev niyə Türk gücünə möhtacdır?

Baxış sayı:
352

Çinə qarşı böyük qarşıdurmada Ağ Evin “stavka” edə biləcəyi əsas güc mərkəzi Türkiyə və bütövlükdə türk dünyasıdır 

Hər zaman vurğulanıb ki, əldəqayırma “fars imperatorluğu” Böyük Türk faktorunu bölmək, zəiflətmək üçün “əks güc” elementi olaraq yaradılıb. Türkə qarşı qurulmuş ingilis–fars müttəfiqliyi onillər boyunca regionu şəkilləndirib. Lakin sürətlə meydana çıxan “Çin əjdahası” bütün hesabları alt-üst etdi. Çox sərt yeni reallıq formalaşır. Ağ Ev “hegemoniyam bitir” təhlükəsinin qoxusunu aldı. Belə sərt şəraitdə isə süni və qurama müttəfiqlərə deyil, həqiqi, ağır gücə sahib olan real müttəfiqlərə ehtiyac var. Üstəlik, həmin müttəfiqlə Çin arasında dərin tarixi ziddiyyətlər, toqquşan köklü maraqlar varsa... ABŞ üçün belə sanballı və təbii müttəfiq Türkiyə və türk dünyasıdır.


Namiq Bilal

İranın bütöv şəkildə, fars dövləti kimi saxlanması Çinin həyati maraqları çərçivəsindədir. Hər iki tərəfin dərin geosiyasi maraqları qəti şəkildə üst-üstə düşür. Üstəlik, İran Çini ucuz və keyfiyyətli neftlə böyük ölçüdə təmin edir. Fars rejiminin dağılması Çin üçün ağılagəlməz dərəcədə böyük itkidir. Pekin bu itkini qəbul edə bilməz. Etirazlar nəticəsində fars rejiminin çökmə ehtimalının böyük olması rəsmi Pekini hərəkətə keçirdi. 

Çin Xarici İşlər Nazirliyinin İranla bağlı verdiyi sərt bəyanatda deyilir: “Böyük İran millətinin suverenliyinin pozulması qarşısında Çin kənarda qala bilməz. İran hakimiyyətinə hər cür dəstək, o cümlədən iqtisadi, siyasi, texniki, diplomatik və hərbi dəstək verməyə hazırıq”.

Rəsmi Pekin fars rejimi ilə həmrəy olaraq etirazçıları “xaricdən dəstəklənən bandit və cinayətkar ünsürlər” adlandırıb.

Nə baş verir? ABŞ prezidenti etirazları dəstəkləyir və rejimi hərbi zərbələrlə hədələyir. Çin isə etirazçıları cinayətkar adlandırır və etirazların boğulması üçün fars rejiminə hərbi dəstək verməyə hazır olduğunu bildirir.

Belə çıxır ki, ABŞ və Çin İran səhnəsində hərbi toqquşmaya girə bilər. Bunu hər iki dövlətin rəsmi qurumları bəyan edir. Və deməli, Çin təkcə iqtisadi müstəvidə deyil, həm də hərbi müstəvidə ABŞ ilə toqquşmağa hazır olduğunu göstərir. Bu isə nə az, nə çox, sürətlə üzərinə doğru getdiyimiz böyük geosiyasi fəlakətin işartılarıdır. İran ərazisi ABŞ və Çinin birbaşa və ya proksi güclər vasitəsilə toqquşma səhnəsinə çevriləcəksə, region ağılagəlməz fəlakətlə üz-üzə qalacaq.

Amma burada bir məqam əsla gözardı edilməməlidir. Türkiyə Cümhuriyyəti regionda tüğyan edən çox böyük, qanlı çalxalanmalarda həlledici stabilləşdirici faktor olduğunu dəfələrlə sübuta yetirib. Əminliklə söyləmək olar ki, İranda da hərbi çalxantı olacaqsa, Türkiyə İrandakı böyük türk kütləsini də yanına çəkərək vəziyyəti türk dünyasının lehinə stabilləşdirəcək.

Birləşmiş Ştatlar öz tarixinin ən qüdrətli düşməni ilə toqquşmaq ərəfəsindədir. Üstəlik, bu toqquşma ABŞ-nin zəiflədiyi, Çinin isə gücləndiyi zaman kəsiyində formalaşır. Böyük toqquşmaya girmək üçün qüdrətli müttəfiqlərə ehtiyac var. Son dövrlərə qədər ABŞ-nin ən böyük müttəfiqi Avropa olub. Lakin Avropa zəifləyib və Birləşmiş Ştatlarla aralarında dərin çatlar yaranıb. Kritik məqamda Avropanın Çinə qarşı sərt və güclü duruş sərgiləyəcəyi müəmmalıdır. Avropa həm ABŞ, həm də Çinlə çoxgedişli oyunlar qurur. Digər tərəfdən, ABŞ də Avropanın faktiki müharibə vəziyyətində olduğu Rusiya ilə pərdəarxası ilişkilər qurmağa çalışır. Qısası, ABŞ və Avropa “etibarlı tərəfdaşlar” statusunu sürətlə itirirlər. O da aydındır ki, Trampın bütün səylərinə baxmayaraq, Rusiya da kritik seçim anında ABŞ-yə deyil, Çinə daha yaxın mövqe seçəcək.

Belə situasiyanı liderlərin subyektiv yanaşmaları deyil, dövlətlərin və millətlərin köklü maraqları yaradır. Çinə qarşı böyük qarşıdurmada Ağ Evin “stavka” edə biləcəyi əsas güc mərkəzi Türkiyə və bütövlükdə türk dünyasıdır. Türkləri və amerikalıları bu məsələdə məhz köklü maraqlar müttəfiq edir.

Ağ Ev türklərlə böyük müttəfiqlik qurmaq naminə ciddi regional güzəştlərə gedir. Rəsmi Vaşinqton Suriyada, Fələstində, Yəməndə, Somalidə özünün bir nömrəli müttəfiqi olan İsrailin deyil, Türkiyənin maraqlarına üstünlük verir. Tramp da min dona girir, sionist lobbini qarşısına alır, addımbaşı Netanyahunu Ərdoğan tərifi ilə alçaldır, sonucda Netanyahunun deyil, Ərdoğanın tələbini əsas götürür. Trampın sevgisi də Ərdoğan sevgisi deyil, böyük türk gücünə olan ehtiyacdır.

Bu gün Ağ Ev Böyük Turanın qurulmasına heç zaman olmadığı qədər möhtacdır. Böyük Turanın qurulması üçün isə kilid nöqtə İrandır. Bunu Ağ Ev də, rəsmi Pekin də gözəl anlayır. Məhz bu səbəbdəndir ki, Çin İran fars rejimi məsələsində ABŞ ilə hərbi toqquşmaya getməyə də hazır olduğunu bəyan edir.