İNFORMASİYA SİYASƏTİ EMOSİYALAR ÜZƏRİNDƏ QURULMAZ... - Eldar Sabiroğlu yazır

İnformasiya siyasəti sıradan bir məsələ deyil. Bu yükü hər kəs daşıya bilməz. Xüsusilə mürəkkəb vəziyyətlərdə informasiya mübarizəsinin gözlənilən səmərəni verməsi üçün bu işlə məşğul olan mərkəzlərin və şəxslərin bacarıq və qabiliyyəti müstəsna tələb kimi diqqətə alınmalıdır. Burada təkcə qələmin gücünə arxalanmaq kifayət etmir. Dünya müharibələrinin tarixinə nəzər salsaq, görərik ki, harada informasiya müharibəsi ilə silahlı müharibənin uzlaşması prosesi düzgün qurulub orada uduş qaçılmazdır. Tovuz hadisələri göstərdi ki, informasiya siyasətində müsbət nəticələrlə yanaşı, hərbi şəraitə uyğun informasiya quruluşunun və mübarizə metodlarının təkmilləşdirilməsinə, bu sahədə ciddi redaktələrin aparılmasına ehtiyac vardır.
Ad çəkən deyiləm. Amma qələminə hörmət etdiyim bəzi jurnalist dostlarımın yaydıqları ehtiyatsız məlumat və xəbərlər düşmənin informasiya mənbələri üçün sanki göydəndüşmə mövzuya çevrildi. Ona görə də müharibə şəraitində informasiya savaşı üzərində çalışarkən son dərəcə ehtiyatlı olmalıyıq. Düşmənə qətiyyən fürsət vermək olmaz. Beynəlxalq səviyyədə əleyhimizə işlədiləcək hər hansı "suxoy", necə deyərlər, dadsız-dussuz məlumatlarla təcavüzkara əlavə imkanlar yaratmamaq üçün öncədən hərbi-siyasi proseslər götür-qoy edilməlidir. Xüsusi ilə düşmənin məlumat və xəbər agentliklərini çaşdıran, inandırıcılıq motivləri yüksək olan informasiyaların işlənib hazırlanmasına və yayılmasına diqqəti artırmalıyıq.
Mühüm əhəmiyyət kəsb edən digər məsələlərdən biri də budur ki, müharibə vəziyyətində daxili siyasətə hesablanmış informasiya buraxılışı ilə bağlı müəyyən zəruri prinsiplərin arxa plana keçirilməsi, dövlətin və xalqın maraqları ilə uyuşmayan məlumat və xəbərlərin ictimailəşdirilməsi yolverilməzdir. Unutmayaq ki, pusquda dayanan düşmən bu fürsəti bizdən hər saat, hər dəqiqə gözləyir.
İnformasiya işi emosiyalar, duyğu və hisslər üzərində qurulmaz. Bu məxsusi məsuliyyət tələb edən bir sahədir. Tovuz döyüşləri zamanı istər iqtidara, istərsə də müxalif düşərgəyə mənsub olan informasiya mərkəzlərində çalışan qələm sahibləri içərisində emosional tərzə üstünlük verən jurnalistlərlə təəssüflər ki, üzləşdik. Düşmən hətta onlardan sitatlar gətirərək dövlətimiz və xalqımız barədə beynəlxalq miqyasda mənfi təəssüratlar yaratmağa çalışdılar.
Bəzən informasiya siyasətini xəbərçilik siyasəti ilə qarışıq salırıq. Xəbər də düz olmalıdır. Lakin informasiya siyasətini aparmaq qələmlə bərabər geniş dünyagörüş, dərin mühakimə qabiliyyəti, rəqibi çaşqın duruma salan yüksək səriştə tələb edir. Ölkədə bu cür istedad sahiblərimiz az deyil. Onların imkanlarından tam istifadə edilərsə, çox qısa bir vaxtda boşluğu aradan qaldırmaq mümkündür.
Eldar SABİROĞLU