"İndiki məqamda müharibə variantına əl atmağımız mümkün deyil" - Ehtiyatda olan ZABİT

Baxış sayı:
490

"Bölgənin xəritəsini Ermənistan yox, Azərbaycan cızacaq".
Muxalifet.az bildirir ki, bu sözləri ehtiyatda olan zabit Əlisahib Hüseynov deyib.
Ə.Hüseynov hesab edir ki, son vaxtlar ermənilərdə qəribə bir arxayınçılıq hiss olunur:
“Bu gün Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğal edilməsinin 26-cı ili tamam olur. Acı tarixdir, qara və məşum təqvimdir. Amma bu tarix və təqvim bizi əsla sarsıtmamalı, ruhdan salmamalıdır. Biz təslimçiliklə, işğal faktı ilə qətiyyən barışmamalıyıq.
Ermənilərə elə gəlir ki, Zəngəzur, İrəvan kimi Qarabağı da rahatlıqla “erməniləşdirə” biləcəklər. Təəssürat yaranıb ki, sanki biz artıq öz torpaqlarımızın itirilməsiylə barışmışıq. Amma bu yersiz arxayınçılıqdır, ermənilər yanılır. Məsuliyyət hissini itirmiş və özünü hələ də küçə natiqləri səviyyəsində aparan Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” deməsiylə Qarabağ heç də ermənistanlaşmır. Əslində Nikol bununla həm özünü, həm də erməni ictimaiyyətini aldadır”.

Ə.Hüseynov vurğulayıb ki, XXI əsrin siyasi reallıqları ilə XIX-XX əsrlərin tarixi-siyasi reallıqları tamamilə fərqlidir:
“Məsələ burasındadır ki, ermənilər Zəngəzur mahalını, Dərələyəz, Göyçə və digər tarixi yerlərimizi öz havadarlarının köməyilə mənimsəyəndə Azərbaycan hələ indiki kimi güclü dövlət olmaq fürsətini yaxalaya bilməmişdi. Ermənilər hər dəfə torpaqlarımızı məhz sahibsizlik zamanlarımızda mənimsəyiblər. Daha doğrusu, çar Rusiyası və bolşeviklər o torpaqlarmızı bizim iradəmizin ziddinə olaraq ermənilərə “hədiyyə” veriblər, onları özgə torpaqlarının hesabına dövlət sahibi ediblər, dövlətləndiriblər. Və biz də ya çox zəif olduğumuz üçün, ya da ki, ümumiyyətlə müstəmləkə altında yaşadığımıza görə torpaqlarımızın pay-püş edilməsinin qarşısını ala bilməmişik. Hər zaman reallıqla barışmaq məcburiyyətində qalmışıq. Ancaq indi elə deyil. Artıq Azərbaycan kifayət qədər inkişaf etmiş güclü dövlətdir. Azərbaycanın güclü ordusu var. Və nə xalq, nə də ki hakimiyyət işğal faktı ilə barışmaq fikrindədir. Ali Baş Komandanımız İlham Əliyev də, vətəndaşlarımız da Qarabağın işğaldan azad edilməsinin Azərbaycan üçün ölüm-dirim məsələsi olduğunu bilir və işğala son qoyulması əzmi ilə yaşayırlar”.
Ə.Hüseynov bildirib ki, hazırkı məqamda müharibə variantına əl atmağımız mümkün deyil:
“Dünya gücləri və beynəlxalq təşkilatlar Qarabağ məsələsinin hərbi yolla həllinə imkan vermədiklərinə görə, biz hələlik diplomatik müstəvidə mübarizə aparmalı oluruq. İndi Azərbaycanla Ermənistan arasında həm də kəskin informasiya- diaspor və lobbilərin savaşı gedir. Lakin biz paralel olaraq daim ordumuzun daha da qüvvətləndirilməsi istiqamətində də çox ciddi işlər aparırıq. Çünki diplomatik çarpışma və informasiya savaşı hər an real döyüşlərə transformasiya oluna bilər. Bununla da ikinci Qarabağ müharibəsi başlaya bilər”./redaktor.az