İndi isə şaquli enib-qalxan “Bayraktar”lar gəlir...

Baxış sayı:
426

Dünya Türkiyənin döyüş pilotsuz təyyarələrinin Liviya, Suriya və Qarabağda gedən hərbi əməliyyatlarda  oynadığı rolu müzakirə etməkdə ikən əfsanəvi “Bayraktar TB2” PUA-larının memarı daha bir yeniliyi təqdim etməyə hazırlaşır.

Türkiyə KİV-ləri xəbər verir ki, bu dəfə “Baykar” şirkəti “Bayraktar” şaquli enib-qalxan “Bayraktar” kəşfiyyat dronları işləyib hazırlayıb və yaxın günlərdə sınaq uçuşlarına başlayacaq.

Taktiki pilotsuz uçan aparatlar sinfinə daxil olan bu “Bayraktar”lar havaya tamamilə avtonom qalxa bilir, avtomatik, yəni yerüstü idarəetmə məntəqəsi ilə əlaqəsi olmadan  uçuş həyata keçirir, avtonom olaraq yerə enir və yarıavtonom rejimdə uçuş qabiliyyətinə də malikdir.

“Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatı elektrik motorlarını işə salaraq şaquli şəkildə havaya qalxır, daha sonra yanacaqla işləyən əsas mühərrikini işə salır və elektrik mühərriklərini söndürərək uçuş həyata keçirir. 12 saat fasiləsiz havada qala bilir, maksimal uçuş hündürlüyü 15 min futdur, normal uçuş hündürlüyü 9 min fut nəzərdə tutulur.

Bu pilotsuz uçan aparat üç eniş opsiyasına malikdir: şaquli eniş, gövdə üzərinə eniş və paraşütlə eniş. Məlumatları 150 kilometrə qədər məsafədən komanda mərkəzinə ötürür, qanadlarının eni 5 metr təşkil edir, 5 kiloqram faydalı yük qaldıra bilir. Hədəfi lazerlə işarələyir və lazer məsafəölçəninə malikdir.

Şaquli enib-qalxan pilotsuz təyyarələrin əsas üstünlüyü onların hər hansı hava limanı və ya uçuş meydançası olmadan istifadə edilməsi imkanındadır. Xatırladaq ki, “Baykar” şirkəti döyüş qabiliyyəti, taktiki-texniki göstəriciləri “Bayraktar TB2”-lərdən daha üstün olan, lazerlə hədəfə yönləndirilən 8 “ağıllı” raketlə təchiz edilmiş “Akıncı” pilotsuz təyyarələrinin də bu ildən etibarən seriya istehsalına başlayıb./virtualaz.org