İCRA BAŞÇISI AĞIR VƏZİYYƏTDƏ OLAN QAZİNİN ANASINI QƏBUL ETMƏDİ - Mehdi Səlimzadə: “Biz qazi ailələrinə kömək etmirik…” / VİDEO, FOTOLAR

Baxış sayı:
5491

Göyçay rayonu, Mallı-Şıxlı kənd sakini, Qazi anası Məmmədova Maygül Bahadur qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Hörmətli Mehriban xanım !

Mənim oğlum Məmmədov Yusif Müşfiq oğlu Vətən müharibəsi qazisidir. Yusif həqiqi hərbi xidmət keçən müddətdə - 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanılan müharibədə iştirak edib. 01 oktyabr 2020-ci il tarixdə ağır yaralanıb. Buna görə, o, hospitalda cərrahiyə əməliyatı olunub.Diaqnozu qapalı fəqərə sütunu onurğa beyin travması olub.
Cərrahiyyə əməliyyatından sonra sol aşağı ətrafı yüngül, sağ aşağı ətrafı isə dərin monoparest, çanaq orqanları funksiyasının pozulmasından əziyyət çəkir. Ağır yaralı oğlumu bir yerdən digər yerə qucaqda aparırıq, hərəkət edə bilmir. Böyrəkləri işləmir, şlank vasitəsi ilə sidiyi ifraz edilir.
Oğlum hospitaldan hazırda evə buraxılıb. Mənim həkimlərdən heç bir şikayətim yoxdur, əksinə tam razıyam. Ancaq Göyçay rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə bizim ailəyə qarşı hörmətsizlik etdi. Dəfələrlə onun qəbuluna getsəm də, nə qəbul etmədi, nə də köməklik göstərmədi. Mənə köməkçisi vasitəsi ilə sözü bu oldu ki, biz qazi ailələrinə kömək etmirik, prezident özü kömək edəcək.
Gördüyünüz kimi, yararsız, qəzalı daxmada yaşayırıq. Döşəməsi torpaq, tavanı isə tam yararsız olan bu daxmada xəstə qazinin yaşaması onun sağalmasına çətinlik yarada, səhhətini daha da ağırlaşdıra bilər.
Həyat yoldaşım rəhmətə gedib. Yetimçiliklə 4 övlad böyütmüşəm. Uzun illərdir Yusif və qardaşı Rəvan fəhləçilik edib, həyətdə ev inşa etdirirdik. Yarımçıq qalmış həmin evin hasarı hörülüb, üstü bağlansa da tavanı, döşəməsi, qapıları yoxdur, qazı, işığı çəkilməyib. Buna isə bizim maddi imkanımız yoxdur. İstəyim odur ki, həmin yarımçıq evin bir otağını tezliklə hazırlayaq ki, ağır xəstə olan oğlum Yusif orada yaşasın. Mən icra başçısından buna görə xahiş etmişdim ki, Allah və Vətən xatirinə bizə köməklik göstərsin. Ancaq o, bizə kömək etmədi. Bir o sözü bizə çatdırdı ki, “gedin deyin başçı qazi ailələrinə köməklik etmir, bu işlərə Prezident baxır”.
Mən həmçinin kömək üçün deputat Sabir Hacıyevə də teleqram göndərmişəm. Ancaq o da kömək etmədi.
Qeyd edim ki, biz özümüz YAŞAT fonduna müraciət etmişik. İcra başçısı Mehdi Səlimzadə “reklam xəstəliyi”nə tutulub. Bir-iki qazini yığıb otağına, şəkil çəkdirib, özünün əlində saxladığı saytlarda nümayiş etdirib Prezidenti, ictimaiyyəti aldadır. Əslində isə Mehdi Səlimzadə vətəndaşlara qarşı çox laqeyd icra başçısıdır. Sağ olsun, qohum-qonşular, bizə ərzaq yardımı edirlər.
Hörmətli Prezident!
Hörmətli Mehriban xanım !

Qazi anası olaraq Sizdən çox-çox xahiş edirəm, bizim vəziyyətimizi araşdırıb, yaxından köməklik göstərəsiniz”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.