İCAZƏ PROBLEMİ İŞ ADAMLARINDA NARAZILIQ YARADIB – “Minlərlə insan bu tələyə düşüb cərimələnirlər!"

Baxış sayı:
4603

Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilmiş işçilərin sayının 50 faizə endirməsi və əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizə endirilməsi barədə iyunun 25-də qəbul etdiyi qərar sosial platformalarda sərt tənqid edilir.

Xatırladaq ki, bu qərardan sonra iyulun 4-də fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan vətəndaşlara icaze.gov.az portalı vasitəsi ilə verilən icazələr kütləvi şəkildə ləğv edilib. Nəticədə karantin rejimi davam edən şəhər və rayonlarda gərgin vəziyyət yaranıb. Qərardan xəbərsiz olan xeyli sayda insanlar polis əməkdaşları tərəfindən cərimələnib. Bu da sahibkarların, muzdlu işçilərin ciddi narazılığına səbəb olub.

Naşirlər vəziyyətin dözülməz hala gəldiyini bildirirlər

 

Etiraz edənlərdən biri, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Azərbaycanda ilk özəl nəşriyyatlardan birini yaratdığını deyir: “Çətin günlər yaşamışıq, bütün müstəqil təşkilatlar kimi. Artıq 4-cü aydır “COVİD 19”-un təhdidi altındayıq. Hər gün dəyişən karantin şərtləri belimizi sındırıb. Nə qonorar verə bilir, nə maaşları çatdırırıq. Yataqda yox, ayaqda olduğumuza görə şükürlər edirəm....”

 

Şahbaz Xuduoğlu daha sonra hökumətdən heç bir yardımala bilməməsindən şikayətlənərək, işçilərin cərimələnməsinə etiraz edib: “Bu ağır günlərdə bir dəfə olsun bu dövlətin varlığını yanımda hiss etmədim...10 manatlıq kitab çatdırmağa gedən insanımızı 200 manat cərimə etdi. Dövlət yalnız cərimə etmək, həbs etmək, evlərə polis göndərmək üçün deyil!...”

 

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli də Nazirlər Kabinetinin qərarını tənqidlə qarşılayıb. O, sosial şəbəkədəki hesabında yazıb ki, karantin dövrü başlayan son 4 ayda heç zaman şikayət etməyib: “Çünki bizimlə yanaşı bütün dünya ağır günlərini yaşayır. Amma son vaxtlar hökümətin qeyri-adekvat qərarları məni məcbur edir ki, bu fikri mən də söyləyim... 4 aydır ki, var-gücümüzləçalışırıq ki, işçilərimiz evəəliboş getməsin, bir qədər maaş alsınlar. Mağazalar bağlandı, dedik heç olmasa online satışla yaşayaq.

 

Bu səhər heç bir məlumat verilmədən hamının işəçıxmaq icazəsi ləğv olunub. Online mağazamızda çalışan 20 işçimiz səhər işə gəlsələr də nə sifarişləri çatdıra, nə də evə qayıda bilmirlər. Bütün qaynar xətlər deyirlər ki, iş günü müraciət edin. Bu durumda yalnız biz deyilik, minlərlə digər insanlar da bu tələyə düşüb, cərimələnirlər!”.

Asima Nəsirli: “Bizimlə də problem yaranıb”

 

Hüquqşünas Asima Nəsirli də Nazirlər Kabinetinin qərarından əziyyət çəkdiyini bildirib. “Bizimlə də problem yaranıb. Operativ qərargah açıqlama verib ki, Vəkillər Kollegiyasının üzvləri vəsiqə ilə, Kollegiyanın üzvü olmayan hüquqşünaslar isə portaldan qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilərlər. İcazə sistemi isə icazəni təsdiqləmir, deyir ki, hüquq sahəsində fəaliyyət icazə verilən sahəyə aid deyil,” o qeyd edib.

 

Mikayıl Şükürov: “Vergiyə şikayət yazdıq”

Sahibkar Mikayıl Şükürov yazıb ki, 4 nəfər üçün müddətini artırdığı icazələr dünən dayandırılıb.

“Səbəbini heç nəylə izah etmək mümkün deyil. İcazə verilən sahədir, fəaliyyət növündə də, əmək müqavilələrində də, icazə portalında da bir yanlışlığımız yoxdu. Vergiyə şikayət yazdıq. Nə ilə izah edəcəkləri üzərində bayaqdan baş sındırıram” -deyə,  o qeyd edib.