Hərbi xidmətə getdi, əlil oldu, sığorta pulunu vermirlər – ZƏRDAB SAKİNİ ŞİKAYƏT EDİR

Zərdab rayonu Gödəkqobu kənd sakini 2-ci qrup əlil Bəndəlizadə Sübhan Bəhrəm oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır:
“Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mənə düşəcək 6600 (altı min altı yüz) manat kompensasiyamı mənimsəyib və qanunsuz olaraq vermək istəmir. 
Belə ki, 13 oktyabr 2015-ci il tarixdə həqiqi hərbi xidmətə aparılmışam. Lənkəranda yerləşən 704-saylı hərbi hissədə hərbi xidmət etdikdən 1 ay sonra möhkəm xəstələndiyim üçün Fizuli hərbi hospitalına yerləşdirilmişəm. Vəziyyətim ağır olduğu üçün 38 gündən sonra oradan Bakı şəhərində yerləşən hərbi hospitala gətirilmişəm. 8 ay stasionar müalicədən sonra sağalmadığım üçün hərbiyə yararsız hesab edilərək hərbi xidmətdən tərxis olunmuşam. Buna görə mənə kompensasiya düşməli olsa da, Dövlət Sığorta Kommersiya Şirkəti kompensasiyamı vermək istəmir”.
Şikayətçi bildirir ki, hərbi xidmətə getməmişdən əvvəl həkim komissiyasından keçib və tam sağlam olub: “Bundan sonra həmin xəstəlik sol böyrəyimə keçdiyindən, böyrəyim işləmir, fəaliyyəti dayanıb. Artıq bu xəstəliyə görə mənə 2-ci qrup əlilik dərəcəsi təyin eilib. Mən tam sağlam hərbi xidmətə getmişəm, buna dair sənədlər var. Həmin sənədləri həkimlər verib. Əgər mən xəstə idimsə, nə üçün hərbi xidmətə aparılmışam? Ancaq hərbi xidmətə gedənə kimi məndə heç bir xəstəlik olmayıb. Mənə düşəcək hərbi qulluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişini verməyib saxtakarlıq edən vəzifəli şəxslər cəzalandırılmalıdır.
Atam rəhmətə gedib, ailəliyəm, himayəmdə bir azyaşlı övladım var. Hərbi xidmət zamanı düçar olduğum ağır xəstəliyə görə əlil olmuşam. İndi bunu saxtakar vəzifəli şəxslər gizlədib kompensasiyamı mənimsəmək istəyirlər.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib, xahiş edirəm, mənə düşəcək 6600 (altı min altı yüz) manat hərbi qulluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq verilməsinə köməklik göstərəsiniz”.




Muxalifet.az