“Heç kimin siyasi sifarişini yerinə yetirməyin” – Erməni general polisi itaətsizliyə çağırdı

Baxış sayı:
479

“Heç kimin qanunsuz əmrini, yaxud siyasi sifarişini yerinə yetirməyə borclu deyilsiniz. Əgər sizə verilən əmrin qanunsuz olmasından şübhələnirsinizsə, utanmadan əmrin yazılı formasını tələb edin. Bu, sizin hüququnuzdur.”

Bunu Ermənistan polisinin general-leytenantı, ölkənin polis rəisinin sabiq müavini Ovanes Varyan polis işçilərinə müraciətində deyib. General erməni mətbuatında və sosial şəbəkələrdə yayılan müraciətində bildirib ki, erməni polisi son üç ildə hakimiyyətin siyasi sifarişini yerinə yetirməyə məcbur olub və bu, böyük məyusluq hissi yaradır: “3 ildir ki, polis dövlət maraqlarını, təhlükəsizliyi yox, bir nəfərin maraqlarını qorumaqla və qanunsuz qərarlarını icra etməklə məşğuldur.”

O.Varyan polis işçilərinə müraciətində onları qətiyyən etirazçılara qarşı güc tətbiq etməməyə çağırıb: “Heç bir halda dinc yolla etiraz edən vətəndaşlara qarşı güc tətbiq etməyin, hətta onlar hər cür itaətsizlik göstərsələr belə.” General polisləri hakimiyyətin “qurbanlıq keçisi” olmaqdan yayınmağa çağırıb.

Ermənistanda Vanyanın indiki hakimiyyətə qarşı yönələn bu çağırışını seçki günü və ondan sonra ciddi qarşıdurmanın olacağına dair siqnal kimi qəbul edirlər. Həmin qarşıdurmanın nəylə nəticələnməsi isə xeyli dərəcədə polisin necə davranacağından asılıdır./azpolitika