"Hazırda Ermənistanda Paşinyana sürprizlər hazırlanır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Baxış sayı:
121

"Ermənistanda daxili siyasi vəziyyət böhrana yuvarlansa, Azərbaycan mütləq şəkildə işğalçıya zərbələr endirməlidir"

"Ermənistanın sabiq prezidenti Serj Sarkisyan işğal olunmuş Azərbaycan ərazisinə gələrək Xankəndində qondarma rejim nümayəndələri ilə görüşüb. Xüsusilə burada gələn il keçiriləcək qondarma "prezident" seçkilərində özlərinin namizədi Vitali Balasanyanla görüşməsi əsasən "Qarabağ klanı"nın yeni güclənməsi deməkdir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Onun sözlərinə görə, qondarma rejimin keçmiş "təhlükəsizlik katibi" olan Vitali Balasanyan baş nazir Nikol Paşinyana qarşıdır, fürsət düşdükcə iki şəxs bir-birinə həqarət edir: "Balasanyan hətta Paşinyanı Ermənistan üçün təhlükəli şəxs adlandırıb. Ümumiyyətlə, Balasanyan Azərbaycana qarşı müharibədə səhra komandiri olub. Məhz Paşinyan bunlardan çəkinərək, bu gün işğal olunmuş ərazilərlə bağlı sərt mövqe tutub. "Qarabağ klanı"nın siyasi səhnədən silinməsi mütləqdir. Qeyd edim ki, "Yerevan klanı" Balasanyanı qondarma rejimin rəhbərliyinə gəlməsinə qəti qarşıdır".

Politoloq hesab edir ki, Serj Sarkisyanın Balasanyanla görüşməsi və ona məsləhətlər verməsi, bir çox mətləblərdən xəbər verə bilər: "Nikol Paşinyan daxildə "Qarabağ klanı" və Serj Sarkisyanla bacara bilmir. Ona qarşı hücum etməməklə, hətta tərəflər arasında bir razılaşmanın olduğu istisna edilmir. Putinin Ermənistana səfəri və Paşinyanla danışıqlar aparmaması, Koçaryanın xanımı ilə görüşü "Qarabağ klanı"na mesaj idi. Məhz bundan sonra Sarkisyan Xankəndinə gələrək toparlanmaları, mütləq şəkildə burada rəhbərliyin Paşinyana verilməyəcəyi mövzunda Balasanyanla və ətrafı ilə danışıqlar aparıb, razılığa gəlinib. Hazırda Ermənistanda Paşinyana sürprizlər hazırlanır. Koçaryanın həbsdə qalması, Putinin açıq "Qarabağ klanı"nı dəstəkləməsi, Sarkisyan və separatçıların hərəkətə keçməsini şərtləndirir. Əgər baş verəcək proseslər fonunda Paşinyan Qarabağda erməniləri ayağa qaldırarsa, o zaman "Qarabağ klanı" devriləcək. Hələki proses açıq qarşıdurma mərhələsinə keçmir. Ermənistanda daxili siyasi vəziyyət böhrana yuvarlansa, Azərbaycan mütləq şəkildə işğalçıya zərbələr endirməlidir. Çünki separtçılar Paşinyanı pat vəziyyətinə qoymaq üçün cəbhədə provakasiyaya əl atacaqlar".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org