“Hakimiyyətdə Rusiyanın “5-ci kolon"unu müdafiə edənlər var" - İQBAL AĞAZADƏ

“Onlar ictimai kampaniya təşkil etsələr ki, Avrasiya İttifaqına daxil olaq, Rusiya bunu dərhal dəstəkləyəcək”
Son zamanlar Azərbaycanda “5-ci kolon”un fəallaşması ilə bağlı məsələlər geniş müzakirə obyektinə çevrilib. Hamıya məlumdur ki, üç il öncədən başlayaraq, bəzi QHT rəhbərləri, siyasətçilər səviyyəsində şəxslərin həbsi ilə Qərbə yaxın olan qüvvələr tamamilə sıradan çıxarıldı. Amma bundan fərqli olaraq, Rusiyaya yaxın olan “5-ci kolon” üzvlərinə təzyiqlər olmur, hətta onlar yüksək postlarda təmsil olunurlar.
Siyasi şərhçilər hesab edirlər ki, Rusiya bizim üçün daha təhlükəli dövlət olduğundan Azərbaycandakı “5-ci kolon”la bağlı ehtiyatlı siyasət yürüdülür və bunu da haradasa başa düşmək olar.
Ümid Partiyasının sədri İqbal Ağazadə qərbmeylli “5-ci kolon” anlayışını qəbul etmir: “Meyllilik dəyər seçimidir, ”5-ci kolon" anlayışı deyil. Məsələn, bu gün “5-ci ci kolon” üzvü dedikləriniz desələr ki, Azərbaycanı Avropa Birliyinin üzvü edək, yaxud birliklə güzəştli şərtlərlə müqavilələr imzalayaq, o zaman qarşımıza dəyərlərlə bağlı şərtlər qoyulacaq, yəni bizi Avropa Birliyinə almayacaqlar. Azərbaycanda həqiqətən Rusiyanın “5-ci kolon”u var. Onlar ictimai kampaniya təşkil etsələr ki, Avrasiya İttifaqına daxil olaq, Rusiya bunu dərhal dəstəkləyəcək. Onların fərqi bundadır. Biri dəyərlər, digəri Rusiyanın hegemonluğu, regionda qalması uğrunda mübarizə aparır. Təəssüf ki, dəyərlər uğrunda mübarizə aparanları hökumət sıxışdırır, amma Azərbaycanın suverenliyinə qəsd etməyə hər an hazır olanların qarşısında susur. Buna Rusiya ilə münasibətləri kəskinləşdirməmək adını verirlər. Rusiyanın “5-ci kolon”una bu qədər şərait yaratmaq, hətta onlara hökumət daxilindən dəstək verilməsi müstəqilliyimizin gələcəyi üçün xoş heç nə vəd etmir. Rusiya “5-ci kolon”u etnik zəmində, eləcə də Dağlıq Qarabağla bağlı məsələlərdə istifadə edir. Daxildəki sabitliyi pozmaq üçün də bundan yararlanır. Bu sualların cavabı daha çox hakimiyyət nümayəndələrinə ünvanlanmalıdır ki, nədən bu tipli məsələlərdə hər zaman susqunluğa yol verirlər. Başa düşürəm, Rusiyanın pəncəsi ağır ola bilər. Lakin “5-ci kolon” üzvlərinin fəaliyyətinə elə bir qadağa qoyulmalıdır ki, əl-qol aça bilməsinlər. Amma bunların olmaması onu deməyə əsas verir ki, hakimiyyət daxilində Rusiyanın “5-ci kolon”unu müdafiə edən, onlara dəstək verən yüksək çinli məmurlar var".