HAKİMİYYƏT SURİYA VARİANTINA GEDƏR, SARAYI KİMƏSƏ VERMƏZ… - Eldar Sabiroğlu yazır

Baxış sayı:
1751

Belarus da baş verənlər belaruslulardan daha çox bizi sevindirir. Qəbahət görmürəm. Demokratiya deyəsən, bizə doğru gəlir...
Doğrudan, gəlir?! İnanırsınız ki, Azərbaycanda da nələrsə olar? Könül bulandırmaq, ürək qıracaq bir istəyim yoxdur. Sadəcə reallıqlarla hesablaşmağı üstün tuturam. Görünür, ölkə hakimiyyətinin kim olduğunu hələ də bilmirsiniz.
Belarusdan fərqli olaraq Azərbaycanda sərvət ölçüyə sığmır. Dünyanın aparıcı dövlətlərinin də indiki dövr qədər pula olan hörmət-izzətinin və nəhayət, ehtiyacının aşıb-daşdığı zaman olmamışdı. Buna rəğmən, prezident İlham Əliyev günün istənilən çağında onların səsini almağa qadirdir.
Bir ucdan tutub damlayır, əvəzində nə xaricdən, nə də daxildəki liderlərdən isbatlı bir hərəkət görünmür. Mehman Hüseynovu xatırlayın. Adi bloqer idi. Yəni deyək ki, o qədər fövqəladə biliyi, təcrübəsi, beynəlxalq təşkilatlarda hansısa nüfuzu olmayan birisi idi. Bəs nəyi vardı? Sadəcə cəsarəti... Ondan fərqli olaraq bizim siyasi liderlər danışmağa aludədirlər.
Siyasət həqiqətən cəsarət və qətiyyət sevər. Son həbslər bir mənada müəyyən suallar doğursa da, ölkədə mürəkkəb proseslərin cərəyan etdiyi bir vaxtda Azərbaycan prezidenti tərəfindən atılmış çox ciddi addım hesab olunur. Onu asanlıqla təslim etməyi sadəlövh düşüncənin təzahürü kimi qəbul edirəm. Təəssüf ki, belədir. Amma həqiqətdir. Çətin proses baş qaldırarsa, hakimiyyət Suriya variantına gedər, Sarayı kiməsə verməz...
Hələlik vəziyyət bu cürdür. Nə vaxt dəyişəcəyinə isə yaxın müddətə ümidlər etməyə çətinlik çəkirəm. Belarusdan fərqli bir cəhətimiz də vardır ki, biz müsəlman ölkəsiyik. Bu mənada Qərb dediyimiz məkan güclü müsəlman ölkəsini istəməz. Onun istəyi müsəlman dünyasını yalnız yaxşıca sormaqdan ibarətdir...
Eldar SABİROĞLU