HADRUTDA TUTULAN ERMƏNİLƏRİN ETİRAFLARI - "Rusiya sülhməramlılarının yanından keçib dağa qalxdıq…”

Baxış sayı:
1465

Ötən ilin dekabrında, müharibənin başa çatmasından təxminən bir ay sonra Hadrut ətrafındakı Köhnə Tağlar və Çaylaqqala kəndləri yaxınlığında yaxalanmış erməni silahlı dəstəsindən olan 14 nəfərlik qrupun işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib.

Virtualaz.org xəbər verir ki, bu günkü məhkəmə iclasında terrorçu qrupun üzvlərinə sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilənlərdən biri  Gevorq Asatryan ifadəsində göstərib ki, onları ötən il noyabrın 27-də Gümrüdəki hərbi komissarlığa yığıblar.  Üç mikroavtobusa və bir böyük avtobusa mindirərək Laçına gətiriblər.

 

Sülhməramlılar silahlı erməniləri Hadruta yola salır

Asatryan deyib: "Laçında Rusiya sülhməralıları dayanmışdılar. Maşında gözlədik ki,  bizi yola salsınlar. Bizi yoxlamadılar, elə oradan yola saldılar. "Ural"la 40 dəqiqəyə yaxın yol getdik. Hansısa dağın ətəyinə çatanda maşından düşdük, piyada dağın zirvəsinə (Söhbət hazırda Xocavənd rayonunun inzibati ərazisində olan strateji əhəmiyyətli Ziyarət dağından gedir,-red.) qalxdıq. Tapşırığa əsasən həmin ərazidə növbə çəkənləri əvəzləməli idik ".

G.Asatryan ifadəsinin davamında bildirib ki,  onları həmin əraziyə aparan polkovnik-leytanant Arsen Kazaryan  idi. Kazaryan dəstəni Ziyarət dağında yerləşdirəndən sonra iki gün sonra onların yanına geri qayıdacaqlarını bildirib, amma qayıtmayıb, dəstə üzvlərini aldadıb.

 

“Komadirimiz qayıtmadı. Yanımıza bir daha gəlmədi. On gündən çox qaldıq orada. Bizə tapşırıq vermədilər. Dekabrın 13-də bizə zəng vurdular, aşağı düşməyimizi əmr etdilər. Dedilər ki, növbə dəyişir, siz qayıdırsız. Biz də həmin gün dağdan aşağı endik. Yolda Azərbaycan əsgərləri ilə qarşılaşdıq. Silahlarımızı təhvil verdik, özümüz də təslim olduq",-Asatryan deyib.

"Hərə bir söz deyir..."

Daha sonra prokurorun suallarını cavablandıran Asatryan bildirib ki, vaxtilə  Əsgəranda hərbi xidmətdə olub.  Ötən il yenidən hərbi xidmətə çağırılanda universitetdə oxuyurdu və göndərildiyi ərazilərin Azərbaycan ərazisi olduğunu “bilmirdi”. Və Asatryan özünü kütbeyinliyə vuraraq sorğu-suala cavab verməyə çalışıb: "Hərə bir söz deyir. Biri deyir bizimdir, o biri deyir yox, bizimdir. Bizi komandirimiz aparıb, ona tabe olumuşuq, etiraz etsək, həbs olunacaqdıq. Dedilər ki, sərhədləri qorumağa gedirsiz. Mən Gümrüdə yaşayıram. Bizi göndərdikləri yerdə hamısı erməni əsgərləri idi. Düşündük ki, Ermənistan ərazisindəyik. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanat barəsində xəbərim var idi, internetdə görmüşdüm".

 

Bu vaxt prokuror soruşub:  "Siz bilirdinizmi Laçın Azərbaycan ərazisidir?"

 G.Asatryan isə yenə özünü bilməməzliyə vurub: "Yox, bilməmişəm, Qarabağda cəmi iki dəfə olmuşam".

Sonrakı suallara cavab olaraq isə Asatryan hazırda onunla birgə mühakimə olunan Segam Serobyanın qrupa rəhbərlik etdiyini, amma  heç bir döyüş tapşırığı almadıqlarını deyib. Dövlət ittihamçısı soruşub: "Onda niyə silahla təhciz edirdilər? Elə Gümrüdə oturub onlayn qaydada növbə çəkərdiniz"

G.Asatryanın məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib. İstintaqa verdiyi ifadəsində  Asatryan bildirib ki, mövqe tutduqları əraziyə  Azərbaycan Ordusunun hərbiçiləri gələcəyi təqdirdə onların qarşısını almaq üçün silahdan atəş açmaq göstərişi alıblar.

"Vəziyyət çətin idi, çadırda qalmaq olmurdu..."

 Prosesdə daha sonra Volodya Hakobyan ifadə verib. O, ifadəsində Gümrüdəki hərbi komissarlığa çağırıldığını deyib: "Dedilər ki, növbə dəyişməyə getməlisiz. Silah götürüb qol çəkdik. Gecəyarısı Laçına çatdıq, səhərə qədər gözlədik. Orada Rusiya sülməmaramlıları  və mülkü şəxslər də vardı. Dağa qalxdıq, növbədə olan əsgərlər aşağı düşdülər, biz onları əvəz elədik. Kazaryan dedi ki, bir neçə gün burda növbədə qalacağıq. Çadır qurdular. Hava çox soyuq idi. Çadırda qalmaq olmurdu. Vəziyyət çətin idi. Kazaryan dedi gələcəyəm, amma gəlmədi. Yalnız dekabrın 13-də zəng vurub dağdan aşağı düşməyi əmr etdi. Dedi ki, yeni növbə gələcək, sizi əvəzləyəcək. Bildirdilər ki, yeni növbə gəlir, biz evə gedirik. Dağdan düşəndə yolu səhv saldıq. Düşəndə Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulduq. 60 nəfərə yaxın idik. Silahlarımızı təhvil verdik, təslim olduq".

Prokurorun  suallarını cavablandıran Hakobyan bildirib ki, onları maşına doldurub aparanda Ermənistan ərazisinə aparıldığını güman edib: " Laçına çatandan sonra bildim ki, Azərbaycan ərazisinə daxil olmuşuq…"

Məhkəmə prosesi davam edir.

İnarə Rafiqqızı