GÜRCÜSTANDA DAVAMLI AKSİYALARA QƏRAR VERİLDİ - Saakaşvili ailəsinin hakimiyyətə verdiyi vaxt dünən bitdi…

Baxış sayı:
1342

“Biz davamlı aksiyalar elan edirik”.

Muxalifet.az xəbər verir ki, bu haqda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qardaşı David Saakaşvili ailənin hakimiyyətə verdiyi müddət bitdikdən sonra mətbuat konfransında bildirib.

Mixail Saakaşvilinin qardaşı bildirib ki, aksiyaların başlaması üçün konkret tarix yaxın vaxtlarda elan olunacaq.

“Plan belədir: vaxtımız çox azdır. Qərarımıza görə, sabahdan biz hamı ilə fəal şəkildə danışmağa başlayacağıq, ilk növbədə həkimlərlə danışacağıq, patriarxiya ilə danışmalıyıq. Bəzi siqnallar var ki, patriarx həzrətləri bizimlə görüşə vaxt ayıra bilər ki, biz ona qardaşımızın, prezidentimizin səhhətinin durumunu izah edək. Ola bilsin ki, onun nüfuzunun müəyyən təsiri olsun.

Biz qeyri-hökumət sektoru, eləcə də vətəndaş cəmiyyəti ilə görüşlərimizi davam etdirəcəyik. Üstəlik, ölkə miqyasında bu görüşlərdən sonra çox aktiv şəkildə davamlı aksiyalar elan edəcəyik. Bu, indi bölgələrdə başlayacağımız işlərin davamı olacaq. Bütün bölgələri gəzəcəyik, Acarıstandan başlayacağıq, Sameqreloya gedəcəyik, bütün bölgələrdə insanlarla görüşəcəyik. Lazım gələrsə, genişmiqyaslı aksiya təşkil edəcəyik”.

Aksiyanın tarixinə gəlincə, David Saakaşvili bildirib ki, yaxın günlərin birində konkret günü elan edəcəklər.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ailəsinin hökumətə verdiyi müddət bu gün başa çatıb. Ailə saat 18:00-a qədər hakimiyyətdən Saakaşvilini xaricə müalicəyə göndərməyə hazır olub-olmadığı haqda cavab gözləyirdi.