Gürcüstan parlamenti yaxınlığında çadırlar qurulub - YENİLƏNİB

Baxış sayı:
352

Tbilisidə Gürcüstanın müxalifət partiyalarının təşkil etdiyi aksiya davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, parlamentin binası yaxınlığında hazırda 7 çadır quraşdırılıb.

Aksiyaçılar bu etiraz forması ilə Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın azadlığa buraxılmasını və növbədənkənar seçkilər tələb edirlər.

VMHP-nin liderlərindən biri Xatiya Dekanoidze bildirib ki, müxalifət martın 2-dən etibarən dövlət qurumları qarşısında piket keçirməyi planlaşdırır. Onun sözlərinə görə, aksiyaların hökumət administrasiyası, Daxili İşlər Nazirliyi və parlamentin binası önündə təşkili nəzərdə tutulur.

***

Gürcüstanın müxalifət partiyaları Tbilisidə parlament binası qarşısında mitinq keçirir.

Mitinqdən öncə iştirakçılar "Azadlıq" şüarı altında yürüş ediblər.

Aksiyada müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azad edilməsi və növbədənkənar parlament seçkiləri tələb olunur.