“Gürcüstan-Azərbaycan dostluğunu qoruyub saxlaya biləcək gənclik yetişir” - AZƏRBAYCANLI NAMİZƏD KAMRAN XIDIROVLA SEÇKİ SÖHBƏTLƏRİ...

Baxış sayı:
1410

Gürcüstandakı soydaşlarımızın qonşu dövlətin hakimiyyət strukturlarında, dövlət idarələrində, eləcə də bələdiyyə orqanlarında təmsil olunmasının vacibliyi haqda hər zaman söhbət açılır. Gürcüstan bizim üçün önəmli ölkədir. Həm qonşu dövlət, həm də xeyli sayda azərbaycanlının yaşadığı ölkə kimi. Üstəlik, bu ölkə ilə bizi tarixi köklər də bağlayır.
Sevindiricidir ki, Gürcüstanda 2021-ci il oktyabrın 2-də yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə keçiriləcək seçkilərdə kifayət qədər soydaşımız mübarizə aparacaq. Həmin soydaşlarımızdan biri - Dmanisi rayonunun Yuxarı Oruzman kəndinin sakini Kamran Xıdırovla söhbətləşdik. Qeyd edək ki, Kamran Xıdırov aktiv vətəndaş və soydaş olmaqla yanaşı, kənd məktəbində də baş müəllim olaraq çalışır. 

- Kamran müəllim, əvvəlcə sizi oxucularımıza bir qədər də yaxından tanıdaq...
- İlk öncə bildirim ki, 1984-cü ildə Gürcüstanın Dmanisi rayonunun Yuxarı Oruzman kəndində anadan olmuşam. Orta məktəbi də öz dogma kəndimdə bitirmişəm. Ardınca V.Qorqosali adına Pedaqoji Universitetin gürcü dili müəllimliyi ixtisasını bitirmişəm. Sonra isə Qafqaz Humanitar Universitetinin magistraturasını bitirmişəm.
2008-ci ildən Gürcüstan Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü və Dmanisi rayonu üzrə nümayəndəsiyəm.
2006-cı ildən məzunu olduğum Yuxarı Oruzman orta məktəbində gürcü dili müəllimi kimi fəaliyyət göstərirəm. Eləcə də bu məktəbdə baş müəllim funksiyasını yerinə yetirirəm. Ailəliyəm, 3 övladım var. Yoldaşım da müəllimədir.

2014-cü ildən Gürcüstan yerli özünüidarəetmə orqanlarında bələdiyyənin üzvüyəm. 2 dəfə bələdiyyə üzvü olmuşam. 3-cü dəfə olaraq hazırda majoritar qaydada namizədliyim irəli sürülüb. Öncəki illərdə proporsional qaydada siyahı üzrə bələdiyyəyə seçilmişəm. İndi isə Mtisciri (Mahmudlu), Yuxarı Oruzman, Aşağı Oruzman, Vake (Qarakilsə), Dəllər kəndlərindən majoritar olaraq bələdiyyə üzvü kimi dövlət tərəfindən nazmizədliyim irəli sürülüb.
Bizdə qurum Azərbaycandan fərqlidir. Bələdiyyə üzvü olan adamların məsləhəti əsasında bələdiyyənin nümayəndələri təyin olunur, yerli idarəetmə orqanlarının funksiyaları bizdə bir az fərqlidir.
- Niyə məhz hakim partiyadan - “Gürcü arzusu”ndan seçkilərə qatılmağa qərar verdiniz?
- Çünki hakim partiya dövlət dilini bilən, öz sözünü deyə bilən, eldə-obada olan problemləri layiqincə həll edə bilən liderlər axtarırdı. Bu qərarım ondan irəli gəldi. Həm də gürcü dili müəllimi olmağım, dövlət dilini yaxşı bilib onu tədris etməyim, eləcə də Gürcüstanda azərbaycanlı müəllimlərin imtahana hazırlanması üçün təlimçi kimi fəaliyyət göstərməyim də bu qərarı verməyimdə rol oynadı.
- Bəs müxalifətdən də sizə eyni təklif gəlsəydi, razılaşardınız?
- Xeyr. Çünki hal-hazırda Gürcüstanda gedən siyasi proseslərdə tutarlı gücə və düzgün düşüncəyə malik müxalifət yoxudr. Radikal müxalifət var. Radikal müxalifət isə Gürcüstanın gələcəyi üçün təhlükəli addımlarla məşğuldur. Dağıdıcı fəaliyyət göstərir. Bu səbəbdən, onlardan təklilflər alsam belə, mütləq rədd cavabı verərdim.
- Bir qədər də seçki platformanız barədə məlumat vermənizi istərdik...

- Mən namizəd olduğum bölgədə, Mahmudli və Dərələyəz kəndində qazlaşdırma yoxdur. Avqusun 20-də (Bu gün – red.) seçicilərimizlə görüş və təqdimat olacaq. Bu görüşdə SOCAR-dan da nümayəndə iştirak edəcək ki, artıq kəndlərdə qazlaşdırmanın layihəsinin çəkilməsi və işlərə başlanılması baş tutacaq. İlk addım bu iki kəndin yaxın zamanlarda qazlaşdırılmasıdır. Yuxarı Oruzman seçki dairəsində ən böyük kəndlərdən biridir. Bu kənddə ən böyük problemlərdən biri ministadionun olmamasıdır. Mən inanıram ki, bələdiyyədə bu məsələni qaldırsam, bir il ərzində bu problem öz həllini tapa bilər. Eləcə də Yuxarı Oruzman kəndində fəaliyyət göstərən orta məktəbin təmirə həddən çox ehtiyacı var. Onun təmiri ilə bağlı bələdiyyədə irəliləyişə nail olacağıma əminəm.
Qarakilsə dediyimiz Vake kəndində əhalinin bir hissəsinin su ilə bağlı problemi var. Hazırda su probleminin aradan qaldırılması üçün bələdiyyədə müəyyən işlər gedir. Layihə çəkilib, işə artıq başlanılıb. İnanıram ki, yaxın vaxtlarda o kənddə də su problemi aradan qalxacaq.
İlk öncə bu sadaladığım problemləri aradan qaldırmaq fikrindəyik. Əlbəttə, 21-ci əsrdə bu cür çətinliklərin olması heç də xoş hal deyil. Bu problemin olması o deməkdir ki, həmin dairədən el-obasını təmsil edən layiqli bir insan olmayıb və dövlət qurumlarının, bələdiyyə orqanlarının qarşısında bu məsələləri qaldıra bilməyib, buna görə də çətinliklər öz həllini tapmayıb. Elə kəndlər var ki, onların daxili yolların asfaltlaşdırılması olmasa belə, ən azından reabilitasiyasını yerinə yetirməyi də öz platformamıza daxil etmişik. Əlavə edim ki, planlaşdırdığımız işlər sırasına Aşağı Oruzman kəndində mini futbol meydançası inşa etmək də daxildir.  

-Bəs seçkilərdə iştirak edən azərbaycanlıların sayı nə qədərdir və eyni dairədən sizə rəqib olan soydaşlarımız varmı?
-Bəli, mənə rəqib olan azərbaycanlı da var. Rəqib olub-olmadığı bəlli olmayan azərbaycanlı da var. Hələlik yalnız danışıqlar gedir. Tam bəlli deyil ki, kim hansı siyasi partiyadan, hansı blokdan namizəd olacaq. Əslində, bunun bir anlamı da yoxdur. Çünki mən yalnız öz elimə, obama, öz gücümə tam əminəm. Yaşımızın çox olmamasına baxmayaraq, aid olduğum bölgədə yüksək hörməti qazana bilmişik.
- Seçkilərdə ümumən nə qədər azərbaycanlı iştirak edir?
- B  il seçki məntəqələrinin birləşməsinə rəğmən, Dmanisi rayon bələdiyyəsinə gürcü-azərbaycanlı namizədlərin birgə sayı majoritar qayda üzrə 10 nəfər təşkil edir. 10 nəfər namizəddən 6-sı azərbaycanlıdır, 4-ü isə gürcüdür. Yəni bölgədə seçki dairələri belə bölünüb. Bu məntəqələrin birləşməsi və regiona bölünməsi əsasında baş verib.

- Kamran müəllim, necə hesab edirsiniz, siz də daxil olmaqla bələdiyyə seçkilərində uğur qazanacaq namizədlərə bələdiyyədən sonra parlament seçkilərinə yol açılacaqmı?
-Yaşadığımız bu dövrdə Gürcüstan azərbaycanlıları arasında layiqli gənclər var ki, onlar dövlət dilini bilirlər, dövləti yetərli qədər təmsil edirlər, öz milli mədəniyyətini qoruyub saxlamaqla Gürcüstan dövlətinə inteqrasiyaya nail olublar. Əlbəttə, ümid edirəm ki, yaxın zamanlarda nəinki bələdiyyəyə, hətta icra başçısı, parlament üzvü, dövlətin yüksık orqanlarında elimizi, millətimizi, eləcə də Gürcüstan-Azərbaycan dostluğunu qoruyub saxlaya biləcək yetərli sayda gənclik yetişir.
Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.az