​Güləşçilərimiz Rusiyada 1 qızıl və 1 bürünc qazandılar

Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə “Yuqra Kuboku” beynəlxalq turniri keçirilib. Rusiya, Almaniya, Macarıstan, İsrail, Qazaxıstan, Tacikistan, Türkiyə, Tunis, Ukrayna, Qırğızıstan və Ermənistan pəhləvanları ilə birgə turnirdə iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıblar.
Bu barədə Muxalifet.az-a Azərbaycan Güləş Federasiyasından bildiriblər.
Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Aleksandr Qostiyev (86 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Təmsilçimiz ardıcıl olaraq Rusiya idmançıları Batırbek Çakulov, Artur Xaçatryan, finalda isə Zaur Makiev üzərində inamlı qələbə qazanıb.
Bürünc medalı isə yığmamıza 57 kiloqram çəkidə yarışan Mahir Əmiraslanov qazandırıb. Üçüncü yer uğrunda görüşdə güləşçimiz Rusiya idmançısı İsmail Qadjiyevdən üstün olub.
Komanda hesabında yığmamız Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə Qazaxıstan komandası tutub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.