GÖMRÜK KOMİTƏSİ LƏĞV OLUNA BİLƏR - Səfər Mehdiyevdən narazıların sayı artır

Baxış sayı:
1648

Prezident İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edərkən ölkəmizin hər yerində islahatlar aparıldığına diqqət çəkərək, yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturunun təsdiq olunacağını vurğuladı. Bu isə Nazirlər Kabinetində ciddi struktur islahatların olacağı anlamına gəlir.
Ölkənin işgüzar dairələrində ümid edirlər ki, yeni struktur islahatlar Dövlət Gömürk Komitəsindən də yan keçməyəcək. İş adamlarının bu istəyi sadə vətəndaşlara da sirayət etməkdədir. Məsələ ondan ibarətdir ki, Dövlət Gömürk Komitəsi qanuni əsas olmadan bir çox məhdudiyyətlər tətbiq etməyə başlayıb. Məsələn, xaricdən Azərbaycana gətirilən avtomobillərə qarşı yeni tələblər irəli sürülür. Söhbət müvəqqəti olaraq gətirilən maşınlardan gedir. Belə ki, bu avtomobillərin sahiblərindən depozit tələb olunur. O cümlədən, Gürcüstandan öz şəxsi avtomobili ilə Azərbaycana keçmək istəyənlər sərhəddə “sürprizlə” üzləşiblər. Hansı ki, bu, heç də vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Dövlət Gömrük Komitəsi yaydığı açıqlamada bu yeniliyin xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həyata keçirdiyini bildirir. DGK-nin yaydığı açıqlamada deyilir:  “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən xarici dövlətlərdə daimi qeydiyyatda olan bu mal mövqelərinə aid avtonəqliyyat vasitələri qeyri-rezidentlər tətərfindən müvəqqəti olaraq ölkə ərazisinə 90 gün müddətinə gətirilə bilər. Həmin müddətin Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə şəxsin ölkədə qalma müddətinə uyğun olaraq maksimum 1 ilə qədər uzadılması mümkündür.Yəni əcnəbilər tərəfindən gətirilən və xarici ölkədə qeydiyyatda olan nəqliyyat vasitəsi hər hansı təminat üsulu tətbiq edilmədən Azərbaycan Respublikasında 90 gün müddətində qala bilər. Avtomobili ölkə ərazisinə gətirən şəxs gömrük orqanına müraciət edərək qanunvericiliyə əsasən müvafiq təminat üsullarından istifadə etməklə bu müddəti uzada bilər. Bu halda isə qanunvericilikdə müəyyən edilən müddət 1 ilə qədərdir.
Gömrük orqanları tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunub ki, son dövrlərdə Azərbaycan Respublikasında yaşayan, xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı olan şəxslər tərəfindən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin həmin ölkələrdən alınmaqla ölkə ərazisinə müvəqqəti gətirilməsi halları kütləvi xarakter alıb. Qanunvericiliklə müəyyən olunmuş 90 gün ölkə ərazisində qalma müddəti başa çatdıqdan sonra müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələri onları gətirən şəxslər tərəfindən ölkə ərazisindən geri aparılır və qısa zaman ərzində yenidən 90 gün müddətinə ölkə ərazisinə müvəqqəti olaraq gətirilir”.

DGK-nin yaydığı bu məlumat əslində ictimaiyyəti çaşdırmağa və gömrük xidmətinin qanunsuzluqlarını ört-basdır etməyə xidmət edir. Çünki Nazirlər Kabinetinin 305 nömrəli qərarında xarici dövlətlərdə daimi qeydiyyatda olan bu mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin qeyri-rezidentlər tərəfindən müvəqqəti olaraq ölkə ərazisinə 90 gün müddətinə gətirilə bildiyi qeyd olunsa da, bu il ərzində 90 gün demək deyil. 90 gün tamam olduqdan sonra avtomobilin təkrar gətirilməsini məhdudlaşdıran hansısa müddəa yoxdur. DGK bunu qanunsuz həyata keçirir.
Heç kimə sirr deyil ki, DGK korrupsiyalaşmış bir qurumdur. Dövlət Gömrük Komitəsinin iki baş idarəsində - Bakı Baş Gömrük İdarəsində və Avtonəqliyyat Baş Gömürk İdarəsində milyonlarla manatın büdcədən yayındırılaraq rəhbər şəxslərin bank kartlarına yüklənməsi müvafiq dövlət qurumları, o cümlədən Maliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən sübut olunmuşdur. Bu olaydan sonra Dövlət Gömrük Komitəsinin ləğv olunaraq nazirliklərin birinə hələ də birləşdirilməməsi təəccüb doğurur.
Çox maraqlıdır ki, Avtonəqliyyat Baş Gömürk İdarəsində baş vermiş müdhiş maliyyə fırıldağı ilə bağlı DGK bu günə kimi cəmiyyətə heç bir açıqlama da verməyib. Ancaq avtonəqliyyat vasitələrinin qeyri-rezidentlər tərəfindən müvəqqəti gətirilməsi xüsusunda gömrük xidmətinin yaratdığı gərginliklə bağlı cəmiyyəti çaşdırmaq üçün dərhal açıqlama yayılır. Əgər DGK-nin rəbərliyi dövlətin əsas gəlir qaynaqlarından biri olan gömürk xidmətinin imicini düşünürsə, dərhal Bakı Baş Gömrük İdarəsində və Avtonəqliyyat Baş Gömürk İdarəsində milyonlarla manatın büdcədən yayındırılaraq rəhbər şəxslərin bank kartlarına yüklənməsinin necə mümkün olmasına, bu olaya görə kimlərin cəzalandırıldığına dair cəmiyyətdə dolaşan suallara aydınlıq gətirməlidir.
 
Arzuman LOĞMANOĞLU