Gömrük Komitəsi azərbaycanlı yazarın 20 ədəd kitabının ölkəyə daxil olmasına İCAZƏ VERMƏYİB – Şok iddia

Baxış sayı:
13234

Yazar Telman Bayramoğlunun sentyab ayında Türkiyədə “İhaneti affetmeyen kadın” romanı türk dilində nəşr olunub. “Kutlu yayın evi” ilə müəllif arasında bağlanmış müqaviləyə əsasən, nəşriyyat 20 ədəd kitabı Azərbaycana göndərilməsini təmin edib. Hətta göndərilən bağlamanın yolboyu izlənmə kodu da müəllifə verilib ki, kitabların hərəkət sxemini yaxından izləsin.
Müəllifin Muxalifet.az-a verdiyi məlumata əsasən, oktyabrın 9-da İstanbuldan yola çıxan bağlama həmin ayın 14-də Azərbaycanın Dövlət Gömrük Komitəsinə daxil olub. Bundan sonra uzun müddət kitab bağlamasından xəbər çıxmayıb. Müəllifin narahatlığına cavab olaraq “Azərpoçt”un Mingəcevir şöbəsindən şifahi halda bildirilib ki, bağlama Gömrük Komitəsindən onlara daxil olmayıb.
Müəllifin Dövlət Gömrük Komitəsinin rəsmi internet saytından rəhbərliyə e-mail yolu ilə müraciətindən bir müddət sonra Komitənin adını söyləməyən əməkdaşı bağlamanın kodunu onlara yenidən göndərilməsini istəyib.
Nəhayət, bir həftəlik araşdırmadan sonra müəllifin nigarançılığına son qoyulub. Dekabrın 9-da Dövlət Gömrük Komitəsinin nümayəndəsi bildirib ki, bir ay ərzində bağlamanı yaxınlaşıb almadığına görə kitablar yenidən geri qaytarılıb.
Müəllif isə maraq içindədir. Göndərilən bağlamada müəllifin yaşadığı ünvan və bağlamanın xüsusi kodu göstərildiyi halda, bu barədə ona məlumat verilməyib. Halbuki, vaxtında xəbər verilsəydi, müəllif haqqı olan kitablarını ala bilərdi. İndi sual olunur: göndərildiyi ölkədən 5 gün ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinə daxil olan bağlamanın uzun müddət xəbərsiz sərhəddə saxlanılması hansı məqsəd daşıyıb? Doğrudanmı, müəllifin kitabları Azərbaycan üçün bu qədər təhlükəlidir? Telman Bayramoğluna hədiyyə olaraq göndərilən 20 ədəd kitabı ölkəyə buraxmayan Gömrük Komitəsi müəllifə xəbər vermək əvəzinə, niyə susqunluğunu qoruyub, bağlamanı saxlamağa üstünlük verib?
Telman Bayramoğlunun çap edilmiş yeni romanı bu gün Türkiyənin həm kitab mağazalarında, həm də onlarla internet saytlarında oxucular tərəfindən asanlıqla əldə edilir. O zaman müəllifin Türkiyədə açıq satışda olan kitabının 20 ədədinin ölkəyə müxtəlif bəhanələrlə buraxılmaması hansı məqsəd daşıyır?
Telman Bayramoğlu bildirir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin kitaba qarşı aqressiv və müəmmalı münasibətindən vaxtında xəbər tutsaydı, Türkiyədən Azərbaycana tez-tez səfər edən tanışlarından öz kitabının bir neçə ədəd nüsxəsini alıb gətirməyi xahiş edərdi...
 
Muxalifet.az
 
Redaksiyadan: Dövlət Gömrük Komitəsinin rəsmi mövqeyini dərc etməyə hazırıq.