“Finoko” BOKT daha bir ailəni evsiz qoydu - “O yağışlı, soyuq gündə iti yiyəsi çölə qovmazdı, bizi küçəyə atdılar”

Baxış sayı:
10374

Sevinc Həmzəzadə: ““Finoko” BOKT 23 min dollara görə kupçamı vermir” Bankların, eləcə də bank olmayan kredit təşkilatlarının insanların evini əlindən alması ilə bağlı mətbuatda dəfələrlə şikayətlər yazılsa da, bu, acınacaqlı vəziyyət hələ də davam edir. “Hürriyyət”ə şikayət edən Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 94-ün sahibi Həmzəzadə Sevinc Ramiz qızı da evi qanunsuz olaraq əlindən alınan vətəndaşlardan biridir. S. Həmzəzadənin sözlərinə görə, “Finoko” BOKT tərəfindən evi qanunsuz olaraq əlindən alınıb, küçəyə atılıb: “Anamın ürəyi xəstə idi. Onu İrana apardıq, əməliyyat etdirmək lazım idi. Ürəyinin damarları 98% tutulmuşdu. Pul yox idi, gəldik Bakıya, bank axtardıq ki, evimizi girov qoyub, kredit götürək, anamı əməliyyat etdirək. Ailədə də evi ancaq mən təmin edirəm. 2015-ci il noyabr ayının 16-da “Finoko” BOKT-dan dollar 1.05 olanda 23 min dollar pul götürdük. 23 min dollar yazdılar, amma mənə oradan çıxanda 19.500 pul qaldı, 3.500 manatı “şapka” aldılar. Məni də ora aparan “Əmrah Bank”ın işçisi və özlərinin 2 işçisi - Rəşad və Ağa idi, 3500 dollar bu 3 nəfər arasında bölündü. Rəşad və Ağa “Finoko” BOKT-da işləyirlər. İndi Ağa “Finoko” BOKT-un rəhbəri Turan İsmayılovun müavinidir. Rəşadı isə indi işdən çıxardıblar. O, onda kredit üzrə mütəxəssisi idi”. “Bizə hərracla bağlı məktub gəlməyib” S.Həmzəzadə nəzərə çatdırdı ki, pul ona 36 aylıq və 28%-lə verilibmiş: “Dekarın 16-da 716 dollar ödədim, yanvarda devalvasiya oldu, dollar qalxdı. Aylıq da 716 dollar təyin etmişdilər. Gedib onlara müraciət etdim ki, mənim elə imkanım yoxdur, o kursla ödəyə bilmirəm. 2016-cı ilin yanvarında dollar 1.90-na qalxmışdı, sonra 1.70-də dayandı. Müraciət edəndə dedilər ki, hansı kursla götürmüsən, onunla da ödəyəcəksən. 2 dəfə 400 manat, bir dəfə də 500 manat ödəniş etdim. Onların hamısı gecikməmiz olduğu üçün faizə silindi. Sonra bunlar evi hərraca çıxardılar. Hərraca bizi heç kim dəvət etmədi. Adətən poçtdan nə məktub gəlirsə, ya anam, ya da mən qol çəkirəm. Bizə hərracla bağlı məktub gəlməyib”. “Dedi, mən icraya qarışa bilmərəm” “Mən pulu 2015-də götürsəm də, 2017-ci ildə məni məhkəməyə verdilər, pulu ödəyə bilmirdim. Artıq faizləri üstünə gəlmişdilər, 31 min 419 dollar olmuşdu. Məhkəmə olandan sonra faizlər avtomatik dayanır, 4 min də dəbbə pulu var idi, onu da hakim 200 dollar elədi, qalan puldan heç nə çıxmadılar, bank nə hesablamışdı, qaldı. Ondan sonra, hərracdan evə məktub gəldi ki, sizin evinizi artıq 62 minə satmışıq. Mənim bu gün mülkümün qiyməti 150 mindən artıqdır. Şəhərin mərkəzində 3 otaqlı evim, altında da zirzəmim var. Bina da söküntüyə düşüb. Hərracdan məktub gələndən sonra ora getdim, dedilər, xanım çox gec gəlmisən. Dedim, məktub bu gün gəlib, mən necə gec gəlmişəm, nəyə görə hərrac mənsiz keçirilib? Dedi, siz iştirak etməmisiniz, məktub göndərmişdik. Dedim, məktubları göstərin ki, mən qol çəkmişəm. Bundan sonra, Turan müəllimin yanına getdim ki, mənə imkan ver, evimi özüm satım, pulunuzu verim. Dedi, “yox, mən xərc çəkmişəm, məhkəmələrə, icraya pul xərcləmişəm, evi balansda saxlayıram”. Bundan sonra Prezident Administrasiyasına şikayət etdim. Onlar Maliyyə Bazarlarına Nəzarət Palatasına zəng vurdular ki, qətnamə ilə xanımın nə qədər borcu varsa, onu ödəsin, kupçasını verin. Maliyyə Bazarlarına Nəzarət Palatası Turana zəng etdi ki, Sevinc xanımın qətnamə ilə borcu nə qədərdi, onu versin, əlavə xərclər lazım deyil. Dedi, xanım sizə 60 min pul verir, kupçasını qaytarın. Dedi, yaxşı gəlsin. Amma sonra icraçılar evi boşaltmağa gəldilər. Getdim, dedim, Turan müəllim, sizə zəng etmişdilər ki, pulu ödəyim, evimi verin. Dedi, mən icraya qarışa bilmərəm. Dedim, tələbkar sənsən, necə qarışa bilməzsən. Dedi, 60 minə vermirəm”, - deyə şikayətçi əlavə etdi. S. Həmzəzadə daha sonra Nazirlər Kabinetinə müraciət etdiyini bildirdi: “Nazirlər Kabinetindən göstəriş verdilər, dedilər ki, borcunu ödəsin, evi verin. Yenə dedi, vermirəm. Sonra dedi ki, “evini 62 minə satmışam, 31 min dolları qətnamə ilə sənin pulundan çıxmışam, məndə sənin 8 min pulun qalıb, onu da İcra Porobasiya şöbəsində depozitə qoymuşam, get, onu götür, 60 mini də gətir, evi sənə verim”. Getdim icranın yanına ki, mənim burada 8 min depozitim var, 60 min də mən verirəm, gedim, evmi çıxardım, vermədilər”. “Dedi, yox, nə danışırsan, mənə 74 min 400 manat pul verməlidir” S.Həmzəzadə onu da qeyd etdi ki, işə Nəsimi rayon Məhkəməsində baxılır: “Bizim ev Nəsimi rayonunda olsa da, “Hidayətoğlu”, yəni hərrac şirkəti Nərimanova baxır. Hərracın nəticələrindən şikayət verdim, təmin etmədilər. Hansı şikayəti vermişəm, heç birini təmin etməyiblər. Mən gedirəm məhkəməyə, müşavirəyə çıxırlar, gəlirlər ki, təmin etmirik. Ondan sonra, 60 mini razılaşmışdıq, gəldim ki, icradan pulumu götürüm, qalan pulumu da verim, kupçanı götürüm. İcranın rəisi Yavər müəllim Turan müəllimə zəng etdi ki, Sevinc xanım gəlib, deyir ki, 8 min burada depoziti var, o məndədir, 60 min də verib işi bağlayır. Dedi, yox, nə danışırsan, mənə 74 min 400 manat pul verməlidir”. “Elə gəlmişdilər, elə bil ermənin üstünə gəliblər” “Bundan sonra, qayıdıb banka gəldim. Mən də evimə müştəri tapmışam ki, bankın pulunu verim, canım qurtarsın. Müştərini da apardım banka. Müştərini görən kimi buna arxayınlıq gəldi ki, pul var. Dedi, nə 60 min, 74 min 400 verəcəksən. Dedik, yaxşı bunu ödəyirik, ancaq kupçamızı ver, alqı-satqı edək, adına keçirdək. Dedi, yaxşı sabah gəlin, həll edirik. Evə gəldik ki, Nəsimi Rayon İcra şöbəsinin əməkdaşları evdən veşimizi bayıra atır, polislər, 3 briqada təcili yardım gəlib. Elə gəlmişdilər, elə bil ermənin üstünə gəliblər. Evdə də 3 qadın idik. İcranın işçiləri mənim üçün deyir ki, “onun əli qolunu bağlayın, maşına atın, bizə işi icra etməyə mane olur”. Anam üçün deyirdilər ki, “xəstədir, bunu təcili yardım maşınına atın, bizə “veş”i çıxartmağa mane olurlar”. Əşyalarımızı sındıra-sındıra, başımıza min oyun gətirdilər. Əşyalarımızı da aparıb Novxanıya qoyublar, açar da bankdadır. Özmümz də düzlərdə, küçələrdə qalmışıq”, - deyə şikayətçi diqqətə çatdırdı. “Turan müəllim deyir ki, mənim mülkümdür, mən istədiyim qiymətə onu sənə satacam” S. Həmzəzadə vurğuladı ki, anasının ürəyi əməliyyat olunub, insult vurub, ağzı-burnu əyilib: “Anamın 67 yaşı var, harada qalmalıdır? Özüm artiritdən əziyyət çəkirəm, ayaq üstə yarım saat dayana bimirəm. Müştəri ilə gəlmişdim, evi satıb pulunu verirdim. Deyir, vermirəm, ev mənimdir. Axırıncı dəfə getmişdik. Deyir ki, 2 ay müddətində deyərəm, evi sizə verirəm, ya vermirəm. Mənim evim söküntüyə düşüb. Evin 1 kvadratı 1500, zirzəmiyə isə azı 700 manatdan pul verirlər. 23 min dollara görə “Finoko” BOKT kupçamı vermir. Buna görə Mehiban xanıma da, Prezident Administrasiyana da məktub yazmışıq. Neft Fonduna getmişdik, dedilər, biz bank işinə baxmırıq. Turan müəllim isə deyir ki, mənim mülkümdür, mən istədiyim qiymətə onu sənə satacam. Deyir, xoşun çəkir, alacaqsan, xoşun çəkmir də evi boşaltmışıq, nə istəyirsən elə. Evi də boşaltdı ki, söküntü gələndə mən ona mane olmayım”. “Küçələrdə qalmışıq” S.Həmzəzadə sonda Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi: “Mehriban xanım, buradan Sizə səslənir və xahiş edirəm, biz 7 nəfərdən ibarət ailəyik. İki qardaşım var, həbsdədir. Bir bacım var, bizim 2 gənc uşağımız var. Qızım universitetdə pullu təhsil alır, ödəyə bilmirəm, bu vəziyyətdə necə ödəyim? Anam xəstədir. Artıq orta-ağır dərəcəli şəkərdir. Şəkəri 500-dən aşağı düşmür. Bu ayın 21-dən bizi küçəyə atıblar, bir gün onun, bir gün bunun yanında qalırıq. Həmin o yağışlı, soyuq gündə iti yiyəsi çölə qovmazdı, bizi küçəyə atdılar. Mehriban xanım, biz Azərbaycan vətənaşıyıq, müsəlmanıq, xahiş edirəm, 3 qadınıq, başsız ailəyik, bizə kömək edin. Bir evimiz var, ondan başqa heç nəyimiz yoxdur. Küçələrdə qalmışıq hamı bizə gülür, deyirlər, bank gəlib küçəyə atıb”. Xatırladaq ki, “Finoko” BOKT bundan öncə 35 min dollar pula görə, Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov ev 3, mənzil 27-nin sahibi Etibar Musayevin ailəsini küçəyə atmışdı. E. Musayev 100 min manatlıq evinin əlindən alındığını “Hürriyyət”ə bildirmişdi. Hurriyyet.org Redaksiyadan: Mövzunu davam etdirəcəyik.