FHN-ə məxsus qüvvələr də cəbhə bölgəsinə yeridildi

Baxış sayı:
433

Məlum olduğu kimi, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

FHN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, düşmənin təxribatı zamanı dinc əhalinin sıx yaşadığı yaşayış məntəqələri də atəşə məruz qalıb. Nəticədə mülki əhaliyə məxsus fərdi yaşayış evləri və digər mülki obyektlər dağıdılıb, dinc əhalinin əmlakına ciddi ziyan yetirilib.
Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarında yerləşən fərdi yaşayış evləri və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb edilib.
Görülmüş operativ tədbirlər nəticəsində yanğınlar qısa müddətdə söndürülüb.