Evi sənədsiz olanlara ŞAD XƏBƏR - “Yaxın vaxtlarda konkret...”

Baxış sayı:
6589

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşündə qeyd edib ki, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq. Əzizov bildirib ki, prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq.
“30 ildir evi tikib, orada yaşayır, amma sənədləşdirə bilmir. Cənab Prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq”, – deyə E. Əzizov bildirib.
Bəs görəsən, rəsmi şəxslər tərəfindən belə çıxışlar, vədlər tez-tez dilə gətirilsə də, sənədsiz evlərlə bağlı məsələ, problemin həlli niyə yubanır? Bununla bağlı “Yeni Sabah”a açıqlama verən Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, yaxın vaxtlarda bu problemlər köklü həllini tapacaq:
“Artıq 2 ildir ki, bu istiqamətdə işlər gedirdi. Təqribən 6-7 ay bundən əvvəl Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu istiqamətdə vahid bir konsepsiya hazırlayıb, hökümətə təqdim etmişdi. Bununla bağlı müzakirələr də gedib. Amma hazırda konkret qərar ortada yoxdur. Komitə bu barədə rəsmi mövqeyi olub, BŞİH başçısı hörmətli Eldar Əzizovun bu barədə çıxışları olub. Yekun çıxışda bunu deməyə əsas verir ki, artıq komissiya yaradılıbsa, yaxın vaxtlarda konkret olaraq, həmin proqramın icrası ilə bağlı qərar ortada olacaq. 
Bu proqramın icrası bilavasitə cənab Prezidentin fərmanı ilə tənzimlənəcək. Burada Nazirlər Kabinetinin müəyyən sərəncamları olmalıdır. Çünki burada həm mühafizə zolaqlarına düşən tikililərin, eyni təyinatlı ərazilərdə inşa olunmuş tikililər, tutaq ki, kənd təssərrüfatı təyinatlı torpaqlarda, dövlət təyinatlı torpaqlarda inşa olunmuş yaşayış evləri ilə bağlı məsələrə aydınlıq gətirilməlidir. Bu məsələlərə də aydınlıq gətirilməsi üçün belə bir qərarın verilməsi zəruridir”.