Etiraf etməliyik, qan, namus qisası tam alınmayıb...

Azərbaycan gənci onu da bilməlidir ki, babası Şah İsmayıl ona dənizdən dənizə uzanan böyük bir imperiya qoyub getmişdi, qoy indi bir də diqqətlə xəritəyə baxsın, nə günə düşdüyünü dərk etsin...
Fəlakət baş verir, bivec sərkərdələrin günahı üzündən ordu məğlub olur, düşmən ölkənin içərilərinə soxulur, birinin sözü o birisinin boğazından keçmir, arsızlıq, biganəlik sağalmaz mərəz kimi insanları mənən sındırır. Qarşısında nüfuzlu, abırlı bir şəxs görməyən toplum tədricən taleyilə barışır və düşmənin qarşısında əyilir. Aylar, illər keçir, düşmənin ənamları qarşısında qürurunu qurban vermiş qələm sahibləri, üləma, vəzifə sahibləri gəncliyin də evini yıxırlar.
Düşmən öz xalqının dininə, imanına çirkab atanları, əsl qəhrəmanlarını bilə-bilə urvatdan salanları fərqləndirir, onları yağ-bal içində saxlayır. Məhz belə haramzadaların əlləri ilə həqiqəti demək istəyənlərin ağızları yumulur.
İllər keçir, zəmanənin gərdişi dəyişir, gənclərdə milli hissin oyadılması, düşmənə qarşı qəzəbin bülövlənməsi tələb olunur. Köhnə kişilər demişkən, qələm düşmən əlində olanda yenə də çəkilən zəhmət hədər gedir. Vay o gündən ki, vətənsevərliyin həddi-hüdudunu işğalçının özü müəyyən etsin. 70 il ərzində xalqımızın elə bədxahı, cəlladı qalmadı ki, onun adı Azərbaycanda hər yerdə “əbədiləşməsin” hörmətə mindirilməsin.
Azərbaycanın yeraltı, yerüstü sərvətlərinin vəhşicəsinə talan edilib Rusiyaya daşınmasına nəzarət edən, Gəncə qırğını barədə Leninə sevinclə məlumat verən, bütün nurlu adamlarımızın gününü qara edən arvadbazlığı ilə şöhrət qazanmış Kirovu Rusiyadan daha çox bizim manqurtlar qoruyurdular, onu mədh edirdilər.
Rəhmətlik Süleyman Rüstəm Kirova həsr etdiyi məşhur şeirində “Oyan Mironiç oyan, oyan şanlı qəhrəman!” sözlərini dilə gətirirdisə, o, imkan verərdi ki, bir bəni Adəm bu kommunist yaramazın haqqında iki kəlmə düz söz desin?
Şairlər ordusu üçün Mayakovskini komandan sayan Səməd Vurğun kimi Stalin məddahı icazə verərdimi ki, bir vətənpərvər Şaumyanın qatil bandasını söysün? (S.Vurğunun çuğulluğu sayəsində Azərbaycan dili uğrunda mübarizə aparmaq istəyən “İldırım” təşkilatına necə divan tutulduğunu yaxşı bilirik!)
Bəli, işğalçı özü müəyyən edir, təpik altında saxladığı xalq tarixinin hansı dövrünü saymalı, hansı dövrünə biganə qalmalıdır. Xala xətrin qalmasın deyə bəzi tarixi şəxsiyyətlərin adlarının çəkilməsinə izn verilir. Onlardan da elə danışırlar ki, heç danışmasalar yaxşıdır.
Bizdə hələ Vətən müharibəsi bitməyib, nə sülh bağlanıb, nə də ruslar Qarabağdan çıxıblar. Kim nə deyir, özü bilər, amma kişi kimi etiraf etməliyik, qan, namus qisası tam alınmayıb.
Başqa xalqlar gənc nəsildə vətənpərvərlik hissini cuşa gətirmək üçün bəzən real qəhrəmanlar, fədakar igidlər tapa bilməyəndə örnək üçün rəvayət, əsatir, nağıl personajlarına müraciət edirlər. Burada təəccüblü heç nə yoxdur. Onu görürsən ki, şairlər, bəstəkarlar təxəyyül qəhrəmanlarını elə qələmə alıb, onları elə vəsf edirlər ki, adam heyran qalır.
Bizdə isə əyyami qədimdən olanın başına daş atmışıq. Kommunist ideologiyasının təntənəsi dövründə Azərbaycanın elə tarixi şəxsiyyəti qalmadı ki, onun başında dəlləklik öyrənməsinlər. Yerindən duran Mərkəzi Komitədən aldığı əmrin əsasında kimi istəyirdi onu ateist, türk, ingilis casusu, mürtəce islam xadimi adlandırırdı. Hünərin vardı dillənəydin! Dörd tərəfdən üstünə düşürdülər, sən məgər bilmirsən ki, onun əsərləri xarici ölkələrdə çap olunub, filmlər çəkilib, fəxri ada layiq görülüb, orden-medal da öz yerində. Bu fəxri adları icad edənin anası mələr qalsın, həyasız xalturaçıya, sənətə “priton” əxlaqını gətirənə, efirdə milləti barmağına dolayana söz demək olmur! Hərəsinin adının əvvəlinə ya “əməkdar, ya da “xalq” sözünü yapışdırıblar.
Dəfələrlə yazmışam, Vətən müharibəsi gedən vaxtda, gül kimi cavanlar şəhadətə çatanda vətənpərvərlik hissinin təbliğatı müqəddəs ayın səviyyəsində olmalıdır. Bu işə isə hər heyvərəni, hər düşüyü yaxın buraxmaq olmaz. Elə titullu naqis tanıyıram ki, ona efirin verilməsini şəxsən mən zinakarlıq hesab edirəm.
Şah İsmayıl niyə yada düşmür?
Fars şovinistlərinin Səfəvi xanədanına nifrəti başa düşüləndir. Onlar bunu həzm edə bilmirlər ki, dünyaya meydan oxuyan mədəniyyət inciləri məhz Səfəvi xanədanının səltənət sürdüyü illərdə meydana gəliblər. Məhz bu xanədanın səyi, zəhməti nəticəsində ucaldılmış memarlıq şedevrləri bütün islam dünyasının fəxridir. İran bütün dünya qarşısında İsfahanın Şah meydanı və tətbiqi sənətin misilsiz nümunələri ilə qürrələnir. Azərbaycan ustalarının əllərindən çıxmış əfsanəvi “Şeyx Səfi“ xalçası dəyər və əhəmiyyətinə görə bütün İtalyan intibahı ilə müqayisə edilir. Bir danılmaz həqiqət var, Sasanilər tarixin səhifələrindən silinən gündən İran körfəzindən tutmuş ta Dərbənd divarlarına qədər uzanan nəhəng ərazidə nələr olubsa, nə baş veribsə hər yerdə türk mənşəli xanədanların, sərkərdələrinin qılıncları sayəsində vüsula gəlib. Mənim davam fars şovinistləri ilə deyil, bizim nakəslərlədir. Məhz Vətən müharibəsi başlanan ilk saatdan Şah İsmayılın adı bayrağa dönməli idi.
Heykəlinin qarşısında təntənəli mərasim keçirilməsi vacib idi. Axı tariximizdə onun tayı-bərabəri olmayıb, mən hələ onun hərb sahəsində göstərdiyi şücaətlərdən danışmıram. Azərbaycan gənci Səfəvi təriqət cəngavərlərinin yaratdıqları məşhur Qorçu alayının fəaliyyəti barədə heç nə bilmir. Hərb sənəti tarixində dərin iz buraxmış bu alay barədə bütün məlumatları əvvəlcə fars tarixçiləri, sonra da (bu ağır da olsa etiraf edilməlidir) bizim dost-doğma qardaşlarımız, osmanlı qələm sahibləri ört-basdır ediblər. Hələ neçə il bundan əvvəl böyük əzab-əziyyətdən sonra, mən Səfəvi hökmüdarlarının bu əfsanəvi döyüşçüləri barədə damcı-damcı məlumat yığanda məəttəl qaldım. İlahi, heç demə müxtəlif filmlərdə, kitablarda təriflənib ərşi-əlayə qaldırılan yenilməz sayılan yapon samurayları, ninziyalar müqayisə ediləndə bizim yüksək təlim görmüş bütün silahlardan məharətlə istifadə etmiş döyüşçülərimizdən qat-qat aşağıda durublar. Tarixdən bilirik ki, ağır qarşıdurmalarda seçmə qorçu bölüyünün işə qarışması döyüşün taleyini həll edirmiş. Rusdilli mənbələrdə bi hərbi dəstə adətən “Şah qvardiyası” adlanıb. Qərinələr keçib, sahman pozulub, xanədan tənəzzülə uğrayıb. Bu əfsanəvi hərbi təşkilatın yenidən yaradılması, peşəkar qorçuların yetişdirilməsi müşkülə dönüb. Peşə sirlərini qoruyub onları gənc nəsilə verə biləcək təriqət mürşidləri də dünyadan köçüblər.
Amma tarix qalıb, müstəmləkə ədəbiyyatı “korifeylərinin” bədnam əməllərini yenidən təbliğ etmək əvəzinə, yaxşı olardı ki, bir-iki qeyrətli oğul bizim hərb sənət tariximizin qaranlıq səhifələrini üzə çıxarıb babalarımızın kim olduqlarını gənc nəsilə göstərəydilər.
44 günlük müharibədə qazandığımız zəfər başımızı dumanlandırmamalıdır. Azərbaycan gənci onu da bilməlidir ki, babası Şah İsmayıl ona dənizdən dənizə uzanan böyük bir imperiya qoyub getmişdi, qoy indi bir də diqqətlə xəritəyə baxsın, nə günə düşdüyünü dərk etsin. Bir ölümə əlac yoxdur, çox müşkülləri insan özü həll edir. Amma məmləkət ağır sınaqlarla üzləşən vaxtda vətənpərvərlik təbliğatı kimi vacib işə xalturaçıları, konformistləri, hər titullu avaranı yaxın buraxmaq olmaz. Bizdə isə bu vacibdən də vacib iş iqtidarın ən naqis fiqurlarına həvalə edilib.
Məsələn, mən istənilən vaxt, istənilən yerdə sübut edə bilərəm ki, bizim son 30-40 ildə yetişmiş, yaxşıca ad-san qazanmış kino, teatr rejissorları, rəssamlar içində heraldikadan, faleristkadan, hərb sənəti tarixindən, müxtəlif dövrlərin şərq saray etiketindən əməlli başı çıxan yetişməyib. Dərd budur ki, nə biliblər, nə də öyrənmək istəyiblər.
Hələlik bu qədər...
Firuz HAŞIMOV