Ermənilər məşhur Şuşa qalasında restavrasiya işlərinə başlayır - “GÖVHƏRAĞA” MƏSCİDİNİN ARDINCA...

Baxış sayı:
2342

Dağlıq Qarabağdakı qondarma rejim işğal edilmiş Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrini bir-birinin ardınca erməniləşdirir və ya farslaşdırır.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, ermənilər Şuşadakı məşhur “Gövhərağa” məscidini İran arxitektorlarının köməyi ilə “fars məscidi” kimi restavrasiya edəndən sonra bu dəfə tarixi Şuşa qalasının restavrasiyasına başladıqlarını elan ediblər.

Qondarma “dqr mədəniyyət və turizm nazirliyinin” bildirdiyinə görə məşhur Şuşa qalası  2020-ci ildə restavrasiya olunacaq. Habelə “Gövhərağa” məscidində restavrasiya işləri davam etdiriləcək.

Habelə işğalçılar Xocavənd, Ağdərə rayonları ərazisindəki qədim məbədləri və tarixi abidələri, o cümlədən Laçın rayonundakı XV əsrə aid “Mirik” qalasını da restavrasiya etməyə hazırlaşırlar.

Şuşa qalası isə Şuşa şəhərinin tarixi hissəsini əhatə edən qala divarlarından ibarətdir. Belə ki, 18-ci əsrdə yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdı. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırıldı. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdü.

Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Şuşa qalası üç əsas qapıya malik olub: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.