ERMƏNİ MƏTBUATINDAN ŞOK İDDİA - Paşinyan terrorçularla ittifaq qurdu

Baxış sayı:
286

“Sasna Tsrer” terror partiyasının lideri Jirayr Səfilyan Ermənistan mediasına baş nazir Nikol Paşinyanla danışıqların nəticələri barədə məlumat verib.

Virtualaz.org xatırladır ki, sentyabrın 5-də factor.am erməni saytında J.Səfilyanla müsahibə dərc edilmişdi. Baş nazir Nikol Paşinyan elə həmin gün-sentyabrın 5-də terrorçu lider J. Səfilyanı və partiyasının Siyasi Şurasının üzvü Garegin Çugasyzyanı qəbul etdi.

“Köhnə rejimdən miras qalan problemlərdən danışdıq. Əsas odur ki, gördüyümüz təhdidlərdən xəbərdarıq və bu barədə xəbərdarlıq edəcəyik. Ümid edirik ki, bu istiqamətdə ünsiyyət daha sıx olacaq ... Hamımız sabiqlərin qisas almağa necə hazırlaşdıqlarını görürük. Biz bu qisasa imkan verməyəcək qüvvəyik. Qalan təfərrüatlar barədə gələcəkdə açıqlama verəcəyik",-deyə Səfilyan qeyd edib.

Xatırladaq ki, "Sasna Tsrer" silahlı dəstəsi 17 iyul 2016-cı ildə Yerevanın patrul xidməti alayının binasını ələ keçirdi, girovlar götürdü və prezident Serj Sarkisyanın istefasını tələb etdi.

Hücumdan iki həftə sonra bütün yaraqlılar hakimiyyət orqanlarına təslim oldular. Lakin N. Paşinyan hakimiyyətə gələndən sonra alayın ələ keçirilməsində iştirak edən bütün terrorçular həbsxanalardan azad edildilər.

Silahlı qrup “Sasna Tsrer” isə siyasi partiya kimi qeydiyyata alındı.

Aparıcı erməni analitiklərinin fikrincə, siyasi vəziyyətin gərginləşməsi və N. Paşinyanla “Qarabağ qrupu”adlanan dəstə arasında dərinləşən qarşıdurma hakimiyyəti şəxsən baş nazirə sadiq silahlı dəstələr yaratmağa məcbur edir.

Və Səfilyanın açıqlaması erməni cəmiyyətinin müxalif hissəsinə N. Paşinyanın hakimiyyətini qorumaq üçün ən ekstremal üsullara əl atacağı barədə bir xəbərdarlıqdır...