Eldar Həsənovun ən yaxın adamından ilk açıqlama – Sabiq deputat DTX-ya təşəkkür etdi

Baxış sayı:
1596

Məlum olduğu kmi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçmiş Baş prokuror, Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənovun cinayət işini Baş Prokurorluğa göndərib. 

Baş Prokurorluq yaydığı açıqlamada bildirib ki, onun barəsində olan cinayət işi üzrə istintaq, qurumun İstintaq İdarəsində aparılacaq. Bununla da E.Həsənovun işi Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərilə bağlı DTX-nın apardığı istintaqdan ayrılıb.

Azpolitika.info xəbər verir ki, Eldar Həsənovun yaxın dostu və qohumu, sabiq deputat Əlövsət Ağalarov bir susqunluğunu pozaraq sosial şəbəkədə sabiq səfirlə bağlı işin prokurorluğa verilməsinə və bu işin ətrafında baş verənlərə dair yazı paylaşıb. Ə.Ağalarov həmin yazısında E.Həsənova qarşı yalan və qərəzli məlumatların yayıldığını xüsusi qeyd edərək, DTX rəhbərliyinə göstərdiyi obyektivlik və peşəkarlığa görə təşəkkür edib: “Bu həbsin ətrafında ajiotaj yaradan, şou düzəltmək istəyənlər bu dəfə də çirkin məqsədlərinə nail olmadılar. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar və obyektivlik hissini qoruyub saxlayan rəhbərliyinin, bu işlə məşğul olan bütün əməkdaşlarının əsl professionallıq, əynindəki mundirin şərəfini cılız intriqalara qurban verməyən şəxsi heyətinin dürüst araşdırmalarına əsasən, atılan çamurlar Eldar Həsənova yapışmadı. Kimlərsə qərəzinin aşıb-daşan "coşqun dəryalarında" arzularını gerçəkləşdirmək məqsədilə Eldar Həsənovu gah Rusiyanın (qərəz və subyektivlik hissi gözlərini yumduğundan bilmədilər ki, son iki ildə məhz Eldar Həsənov Rusiyanın erməni əsilli Xarici İşlər naziri Sergey Lavrovu iki müsahibəsiylə yerdən-yerə çırpıb və yaxud, Serbiyanın Ermənistana gizli yolla satdığı silahların sayına qədər dəqiq məlumatı rəsmi məktubla Azərbaycan XİN-ə göndərib), gah digər ölkələrin projesi olaraq xəyallarında Azərbaycanın düşməni obrazında qələmə vermək istədilər və yaxud bir az da" irəli" gedərək, Serbiyadan Ermənistana üçüncü ölkə üzərindən satılan silahların məhz onun dəstəyi ilə həyata keçirilməsinə dair həyasız fikirlər səsləndirdilər. Bu yazıqlar sonda xəyal qırıqlığına uğradılar və yeni-yeni sərsəm ideyalar düşünmək üçün "dərin düşüncələr" girdabına yuvarlandılar...”

Ə.Ağalarov yazısında DTX-nın indiki rəhbərliyinin bu quruma dair əvvəllər mövcud olan mənfi imici aradan qaldırdığını bildirir və ölkə rəhbərliyinin E.Həsənovla bağlı ədalətli qərar verəcəyinə inandığını söyləyir: “Bu qurumla heç vaxt təmasda olmamışdım. Bir neçə günlük təmaslarım, sorğu-suallar göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçiliyimizin təhlükəsizliyinin qorunmasının əsas qarantlarından biri, bəlkə də birincisi olan bu təşkilatın qarşısında qoyduğu vəzifələrə tam dürüst və doğru-düzgün riayət olunur və insana insani münasibət prioritet məsələ kimi, öndə gedir. Əvvəllər bu qurum haqqında formalaşan mənfi imicdən əsər-əlamət belə qalmayıb. Fürsətdən istifadə edib mənimlə birlikdə dostlarımla əsl vətəndaş, əsl insan kimi mədəni rəftara görə bütün Xidmət əməkdaşlarına təşəkkürümü bildirirəm. İnanıram ki, haqq-ədalət öz yerini tutacaq və Azərbaycan Prezidentinə, onun apardığı siyasi kursa hər zaman sadiqliyi ilə seçilən Eldar müəllim yenidən dövlətinin, Prezidentinin yanında olacaqdır! Eldar Həsənov kimi, mən də hörmətli Prezidentimizin ədalətli və humanist insan olduğuna inanıram!”

Tahir