DSX-dən sosial şəbəkələrdə videosu yayılan zabitlə bağlı AÇIQLAMA

Baxış sayı:
2302

Son günlərdə bəzi sosial mediada və “youtube” kanalında Dövlət Sərhəd Xidmətinin zabiti leytenant Əzizli Fərid Ceyhun oğlunun Dövlət Sərhəd Xidmətinin bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə video yazısı yayılmaqdadır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bununla əlaqədar olaraq bildirilir ki, leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlər ilə əlaqədar DSX-də araşdırma aparılmış, aidiyyəti hərbi qulluqçuların izahatları alınmış, guya qeyri-etik davranışa məruz qalması bildirilən vətəndaş dinlənilmişdir. Araşdırma nəticəsində göstərilən hallar öz təsdiqini tapmamış, özünə qarşı hər hansı qeyri-etik davranışın yaxud fiziki təsirin baş verməsi əsgər valideyni tərəfindən tam inkar edilmişdir.
​Məlumat üçün bildiririk ki, leytenant F.Əzizli xidmətində yol verdiyi ciddi nöqsanlara görə bir neçə dəfə attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunmuş, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq xidmətində dönüş yaratması üçün ona imkan verilmiş, lakin xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam etmişdir.
Hazırda attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunmuş və bununla əlaqədar tibbi şəhadətləndirilməsi keçirilən leytenant F.Əzizlinin zabitlərə böhtan atmasında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail olmaq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaşdırıldıqdan sonra bu halı xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlarla deyil, guya “həqiqəti” yaydığına görə xidmətdən uzaqlaşdırılması ilə izah edə bilməkdir.
​Qeyd edilən videoyazıda Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinə böhtan atılması, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması ilə əlaqədar olaraq toplanılmış materiallar müvafiq hüquqi qiymətin verilməsi üçün rəsmi qaydada Azərbaycan Respublikasının Hərbi prokurorluğuna göndərilmiş, leytenant F.Əzizli xidməti vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülmüşdür.