“Diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü çox gözəl bir dövrə təsadüf edir…” – HULUSİ KILIÇ

Baxış sayı:
145

Yanvarın 14-də Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin yenidən qurulmasının 30-cu ili tamam olur. Xatırladaq ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, ölkəmizi ilk tanıyan dövlət qardaş Türkiyə olub.
Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyir ki, Türkiyə-Azərbaycan əlaqələri xüsusi bir önəmə malikdir. O qeyd edib ki, Azərbaycanın həm BMT-də, həm dünyada tanınması üçün Türkiyə dövləti öz üzərinə düşən bütün vəzifələri böyük sevgi ilə icra edib: “Türkiyə 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarının işğal faktına görə, bu ölkə ilə bütün sərhədlərini bağlayıb. Dünyada elə bir ölkə mövcud deyil ki, başqa dövlətə görə öz sərhədlərini bağlasın. Bu, bizim qardaşlığımızın səviyyəsini və harada olduğunu açıq göstərir. Çünki o sərhəd Azərbaycanın razılığı olarsa, açıla bilər. Bunu da hər kəs belə bilməlidir. II Qarabağ müharibəsi dövründə Türkiyənin Azərbaycana vermiş olduğu siyasi, diplomatik və informasiya dəstəyi dünya üçün bir nümunədir”.
“Şuşa Bəyannaməsi bizim üçün bir yol xəritəsidir”
Keçmiş səfir bildirib ki, 14 illik dipolmatik fəaliyyəti dövründə Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün əlindən gələni etməyə çalışıb: “Bu vəzifəyə bir millətin səfiri olaraq başlamışdım. Hələ də o vəzifəni böyük sevgi ilə davam etdirirəm. Biz bir millət, iki dövlətik. Amma lazım olanda bir millət, bir dövlət ola bilirik. Məhz bu gün də əlaqələrimizin 30-cu ilinə gəlib çatmışıq. Ötən ilin 15 iyununda Şuşada imzalanan tarixi Bəyannamə bizim diplomatik, siyasi, iqtisadi, mədəni əlaqələrimizin göstəricisidir. Şuşa Bəyannaməsi bizim üçün bir yol xəritəsidir. Hər iki dövlət başçısı, Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyev qardaş ölkələrin daha da inkişafı üçün əllərindən gələni edir. Ötən il Türkiyə və Azərbaycan vətandaşlarının qarşılıqlı olaraq tək şəxsiyyət vəsiqələri ilə səfərlərinə dair qərar verilib. Bununla da türk dövlətləri arasında sadəcə Azərbaycan və Türkiyə vətəndaşları arasında asan bir imkan yaradılıb”.
“Cənab İlham Əliyevin “Türkiyə burda yoxdursa, mən burdayam” deməsi…”
Hulusi Kılıc hesab edir ki, insanlıq, dünya durduqca üç rəngli bayraqla, ay ulduzlu bayraq göylərdə qardaş ölkə bayraqları kimi yan-yana dalğalanacaq: “Bundan sonra da Türkiyə Azərbaycan qardaşlığı yaşayacaq, möhkəmlənəcək, Mustafa Kamal Atatürkün dediyi kimi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ümummilli lider Heydər Əliyevin kəlamı ilə desək “Biz bir millət, iki dövlətik”. Cənab İlham Əliyev çıxışlarının birində “Bir millətin iki diasporu ola bilməz”, cənab Ərdoğan isə “Türkiyə və Azərbaycan tək ürəkdir” sözlərini deməklə, münasibətlərimizin səviyyəsini dosta da, düşmənə də göstərib. Diplomatiya sahəsində də ölkələrimiz hər zaman birlikdə, çiyin-çiyinə olub. Bu gün Azərbaycanın olmadığı yerdə Türkiyə diplomatları, Türkiyənin olmadığı yerdə isə Azərbaycan diplomatları milli maraqlarımızı qoruyurlar. 2014-cü ildə Şərq Tərəfdaşlığının 5 illiyi ilə bağlı keçirilən sammitdə Serj Sərkisyanın Türkiyənin olmamasını fürsət bilərək ölkəmiz haqqında ittihamlarını və cənab İlham Əliyevin ona cavabında “Türkiyə burda yoxdursa, mən burdayam” deməsi hamımızın xatirindədir. Yaxşı yadımdadır, Bakıda səfir olduğumuz vaxtlarda heç bir Qərb ölkəsinin diplomatı yanımızda Azərbaycan haqqında mənfi danışa bilməzdi, buna imkan vermirdik. İndi də bu belədir və mən də özümü iki dövlətin bir səfiri kimi hiss edirəm.
14 yanvar tarixi hamımız üçün bayramdır. Bir daha demək istəyirəm ki, digər türk dövlətləri də bizim qardaşımızdır, amma Azərbaycanla Türkiyə əkiz qardaşdır. İnsanlıq var olduqca şanlı bayraqlarımızın digər qardaş ölkələrimizin bayraqları ilə birlikdə göylərdə dalğalanmasını arzu edirəm. Yaşasın qardaşlığımız!”

H.Kılıç Azərbaycanda səfir olduğu dönəmdə üzləşdikləri bəzi çətinliklər barədə də danışıb: “Bildiyiniz kimi 2009-cu ildə bəzi ölkələrin Türkiyə-Ermənsitan sərhədinin açılması istiqamətində bəzi tələb və cəhdləri oldu. Həmin vaxt mənim Azərbaycandakı səfir kimi fəaliyyətimdə bəzi sıxıntılar oldu. Bu sıxıntılar isə Azərbaycandan deyil, xaricdən qaynaqlanırdı. Yəni həmin vaxt bəzi xarici güclər və dövlətlər Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmək üçün çeşidli cəhdlər etdilər. Bəzi təxribatlar törədildi. Bu barədə yetərincə yazıldığı üçün, yenidən onların detallarına varmaq istəmirəm. Amma şükürlər olsun ki, azərbaycanlı qardaşlarımızın da hadisələrə soyuq başla yanaşması nəticəsində, onlarla əl-ələ verərək bu sıxıntıları dəf edə bildik”.
“Diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü çox gözəl bir dövrə təsadüf edir…”
Diplomat onu da vurğulayıb ki, iki qardaş ölkə arasında ikinci dəfə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü çox gözəl bir dövrə təsadüf edir: “Əgər 30 il öncə Azərbaycan işğalçı düşmənin hücumları ilə baş-başa qalan bir ölkə idisə, bu gün Azərbaycan qüdrətli ordusu ilə öz torpaqlarını düşmən işğalından azad etmiş, regionda aparıcı söz sahibi olan bir ölkədir. Vətən savaşında Türkiyənin mənəvi və siyasi dəstəyini hər an hiss edən qardaş Azərbaycan tarixi Zəfər əldə edərək, yeni reallıqlar yaradıb. Onu da xüsusi qeyd edim ki, həmin müharibə günlərində Türkiyə Azərbaycana həm də fəal diplomatik dəstək verdi. Bu gün iki qardaş ölkə Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən təşəbbüslər regiona əbədi sülh və inkişaf vəd edir. Bu qardaşlıq sayəsində bu günə qədər olduğu kimi gələcəkdə də bütün sahələrdə uğurlu layihələr həyata keçiriləcək, xalqlarımızın rifahı üçün birlikdə addımlar atılacaq”.
Muxalifet.az