Dəfələrlə döyüş yoldaşlarını mühasirədən xilas edən 22 yaşlı şəhid gizirimiz - VİDEO

Baxış sayı:
1019

İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də 22 yaşlı Şəkərov Xəyal İman oğludur. O, Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. 

2016-cı ildə həqiqi hərbi xidmətə çağırılan X.Şəkərov 2018-ci ildə silahlı qüvvələrin təlim tədris mərkəzində təlimlərə qatılıb. Təlimlərin sonunda gizir hərbi rütbəsi alan X.Şəkərov sonradan Ağdam rayonundakı N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirib. 

Ötən il İkinci Qarabağ müharibəsindən əvvəl xüsusi təyinatlı qüvvələr kursuna qəbul olub. Sentyabrın 27-də isə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılıb. 

O, Murov dağı, Kəlbəcər, Suqovuşan, Füzuli, Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları onun şücaətindən danışarkən qızğın döyüşlər zamanı Xəyalın dəfələrlə mühasirədə olan hərbçi yoldaşlarını xilas etdiyini deyiblər. 

Düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edən, işğaldan azad olunan bəzi yüksəkliklərə Azərbaycan bayrağını sancan ilk hərbçilərdən biri olub. 

Güləş və qaydasız döyüş üzrə dəfələrlə uğurlara imza atan qəhrəman gizirimiz oktyabrın 10-da Hadrut istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. 

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Xəyal Şəkərov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.