COVİD-19-da Oqtay Şirəliyev sindromu… - JALƏ MÜTƏLLİMOVA YAZIR

Baxış sayı:
2168

İlk cümləni oxuyub söməyə başlayan sevgili oxucu auditoriyama birinci onu deyirəm ki, nə Səhiyyə Nazirliyi, nə də Oqtay Şirəliyevdən yanayam. Çox gözəl bilirəm, bu sistemin xilas edilməsi külli miqdarda vəsait, millət, vətən sevgisi tələb edəcək. Tələb edəcək etməsinə də, bu sevgini kim göstərib, o vəsaiti dağıtmadan, mənimsəmədən kim sərf edəcək, bax orasını söyləmək çox çətindir. Bütün sahələrdə olduğu kimi səhiyyə də başdan ayağa rüşvətə, korrupsiyaya buşlaşmış durumdadır. Təbii, bunu faktoloji əsaslandırıb tədbir görmək güc və təhlükəsizlilk orqanlarının işidir ki, bu da ağır bir prosesdir.

***
İndi keçək əsas məsələyə. Ölkədə COVİD-19 pandemiyası ilə mübarizə başlayanda səliqəli, komanda formatında prosesə start verildi. Düzü, çox adam məətəl qaldı. Gerçəkdənmi nəhəng bir prosesdən biz, Azərbaycan kimi, vətəndaşlı, dövlətli, məmurlu, müxalifətli, iqtidarlı kürək-kürəyə verib, bir-birimizi qoruya-qoruya çıxacağıq?!.
…Çox gözləyəsi olmadıq. Biz nə vaxt uğurlu futbol komandası ola bildik ki?! İndi də soruşarsınız ki, nə futbolu, hansı futbol, niyə futbol?!.
Deyim biləsiniz, futbol komanda oyunudur. Ciddi bir komanda oyunu. Hücumçusu, müdafiəçisi, yarımmüdafiəçisi, qapıçısı, kapitanı ilə. Hamı rəqib qapısın qol vurmaq üçün oynayır. Amma qolu cəmi bir adam vurur. Yəni, məhz o adamın adı efirlərə düşür, həmin komandanın idman tarixinə yazılır. Yəni komanda oyunu o demək ki, bir nəfərə qol vurdurub bütövlükdə komandanı qalib, o fərdi də ulduza çevirsinlər. Bizdə hansısa sahədə ulduz var və ya onun yetişməsinə mühit yaradırlır? Bizdə komanda varmı?
Bizdə tayfa, rayon, kənd, qəsəbə, ailə, nəsil, klanlar var. Əsla və əsla peşəkarlardan ibarət komanda yoxdur. İdmanda da beləyik, siyasətdə də. Amma fərdi idman növləri üzrə nə qədər desəniz dünya çempionumuz, ulduzumuz var. Bircə komandamız yoxdur… Millət olaraq FƏRDİYYƏTÇİYİK. Bu bizim genetik kodumuzda bir ştrixdir.
Bu keyfiyyət özünü bütün məqamlarda göstərir. Elə COVİD-19 krizində də. Dünyada heç bir dövlət pandemiya ilə mübarizədə belə xaos yaşamadı. Gizlədilən işsiz ordusu dəhşətli idi. Bütün sahələrdə sistem qurmuşuq deyən, döşünə döyənlərin fəaliyyəti hamını şoka saldı. Məlum oldu ki, sistem əslində sistemsizlikmiş.
Əhaliyə sosial müavinətlərin verilməsində böyük stress yaşadı dövlət və xalq. Bəlli oldu ki, dövlət heç bir fövqəladə hala hazır deyil. Məlum oldu ki, bəlli adamlar bizi aldadırmış.
Hər şeyə “cəhənnəmə ki” demək mümkündür. Hətta çox asan işdir. Amma və lakin COVİD-19 pandemiyası elə bir olay ki, onunla mübarizəyə hazır olmalı bir qurumun Səhiyyə Nazirliyinin çökmüş durumda olmasına baxıb, bunu demək olmur.
İndi gələk ona ki, pandemiya ilə mübarizə dönəmində Səhiyyə Nazirliyi ilə nə baş verdi və biz niyə yaxşı təşkil olunmuş oyunun gedişini uğurla apara bilmədik?
Klan maraqları, durumun mahiyyətini anlamayan elit siyasət adamlarının təkəbbürü buna imkan vermədi. Üstəlik, səhiyyə naziri postundan məlum proses başa çatdıqdan sonra böyük ehtimalla istefaya verəcəyi istisna olmayan Oqtay Şirəliyevin yerini hansı klanın götürəcəyi uğrunda da ciddi mübarizə gedir. TƏBİB-in yaradılması bu mübarizənin tərkib hissəsi sayıla bilər. Başqa bir məsələ, pandemiya müddətində, maliyyə maxenasiyalarını hər növ oyundan başı çıxan Oqtay Şirəliyev üzərindən etmək mümkün olmayacaqdı. Amma məlum çevrələr bu “oyunu” siyasi təcrübəsiz və yeni sima olan TƏBİB rəhbəri üzərindən çox uğurla “oynadılar”. Onlar qazandı, Ramil müəllim uduzdu və hətta “xərcləndi”.
Demək istəməm o ki, indi proses təzədən əlində böyük imkanları olmasa da qismən təcrübəli orqana, Səhiyyə Nazirliyinə mərhələli şəkildə ötürülür. Bu sırada da Oqtay Şirəliyevin istefa tələbindən bəhs edən yazılar gündəmə gətirilir. Bəli, o postundan getməlidir, xidməti qənaətbəxş deyil. Amma indiki dönəmdə hər hansı ciddi istefa kimsəyə uğur gətirməyəcək. Nə dövlətə, nə xalqa. Bu qrup maraqlarına xidmət edəcək. Qrup maraqlarınınsa ölkəni nəyə apardığı bəlli oldu. COVİD-19-a yoluxanların sayı kütləvi artır. O üzdən cənablar və xanımlar, lütvən, dövlət COVİD-19 mərəzindən canını qurtaranacan siyasi hikkənizdən vaz keçin!
Jalə MÜTƏLLİMOVA