"Cəmiyyət hələ sülhə hazır deyil" – Novella Cəfəroğlu

Baxış sayı:
475

Ermənistanla Azərbaycan arasında yaradılan Sülh Platformasının (SP) son aylarda demək olar ki, fəaliyyəti müşahidə olunmur. Üç ilə yaxındır ki, fəaliyyət göstərən SP-nın hansı işlə məşğul olduğu, üzvlər arasında görüşlərin keçirilib-keçirilmədiyi müəmmalı olaraq qalır.

SP-nın üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu fəaliyyətlərinin davam etdiyini söylədi: “Fəaliyyətimiz davam edir. Sadəcə, bəzi şeylər var ki, onları demək olmaz. Cəmiyyət hələ sülhə hazır deyil. Onun üçün də cəmiyyətlə işləmək lazımdır. Sülhün niyə vacib olduğunu cəmiyyətə anlatmalıyıq. Hər kəs bilir ki, müharibədə gənclər həyatlarını itirirlər. Qarabağ müharibəsində qızlarımız, qadınlarımız ermənilərə əsir düşdülər. Hələ də əsirlikdə qalanlar var. Müharibədə gənclərimiz şəhid olandan sonra çox qızımız ailə həyatı belə qura bilmədilər, yaxud başsız qaldılar. Bir ailə tanımıram ki, onun yaxınlarından kimsə müharibədə həyatını itirməsin. Torpaqlarımızı qaytarmaq sözsüz ki, hər birimizin arzusudur. Sona qədər çalışmalıyıq ki, torpaqlarımızı sülh yolu ilə geri alaq. Biz dünyaya göstərməliyik ki, sülh istəyirik, sülh yolu ilə torpaqlarımızı geri qaytarmaq istəyirik. Amma əks halda, müharibə yolunu seçib, torpaqlarımızı işğaldan azad etməliyik. Bu gün analar övlad itkisinin hələ də acısını çəkirlər. Məhz bütün bunları nəzərə alıb, sülhün tərəfdarıyıq. Lakin ərazi bütövlüyümüzün bərpası bizim üçün hər şeydən öndə durur. Sülh Platformasının üzvləri olaraq, görüşlərimiz olur. Müəyyən planlarımız var. Sonluğu gözləyək, görək nə olacaq. Cəmiyyətin arasına getməliyik, danışıqlar aparmalıyıq. Reaksiyanı öyrənmək çox vacibdir. Bu gün hansı rayona gedirəmsə, bu məsələdən bəhs edirəm. Görürəm ki, övladları əsgərlikdə olanlar ümumiyyətlə, müharibəni istəmirlər. Amma deyildiyi kimi, sülh de, müharibəyə də hazır ol”.

N.Cəfəroğlu Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə olan aqressiv münasibətlərindən də bəhs etdi: “İkinci Dünya müharibəsindən böyük müharibə olubmu? O müharibədə nə qədər insanlar itirdik. Dəyərdimi? Milyonlarla insan o müharibədə həyatını itirdi. Amma indi istənilən adam Almaniyaya gedir, orada yaşayır, hətta ev də alır. 1945-ci ildə müharibə bitib və ondan sonra proseslər sülhə doğru gedib. Bugünkü nəticələr isə göz önündədir. XX əsrin əvvəllərində ermənilərin başımıza gətirdiyi oyunlar göz önündədir. Ondan sonra uzun illər onlarla dostluq münasibətlərində olduq. Bunu hər kəs yaxşı bilir ki, Qarabağı ermənilər deyil, kimlər xilas edib. Onlar Qarabağ məsələsi ilə siyasətlərini sıfıra endiriblər. Faktiki bu dövlət dilənçi kökündədir. Ermənilər nəyi itirdiklərini zaman keçdikcə görürlər. İtirə-itirə gedirlər. Qarşıda hələ çox şeylər var. Bir-birimizlə anlaşa bilsək, çox şeylər edə bilərik. Onlara kömək edən bəzi qonşu dövlətləri yaxşı bilirik”.

Hüquq müdafiəçisi yarandığı gündən bu günə qədər Sülh Platformasının fəaliyyətini qənaətbəxş saymır: “Tam razı deyiləm. Amma onu deyə bilərəm ki, məhz Sülh Platformasına görə Azərbaycanda sülh prosesinə qoşula bilirik. Bu çox vacib idi”.//Moderator