Çin vaksini vurduranlar Avropaya gedə bilməyəcək? - "Bu, son qərar deyil..."

Baxış sayı:
394

Bu ilin yayında Avropa Birliyi turistlər üçün sərhədləri açmağa planlaşdırır. İndi həmin Avropa ölkələrinə yalnız Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş vaksinlərlə peyvənd olunan şəxslərin səyahət edə biləcəyi gözlənir.

Avropa Birliyi indiyə qədər yalnız dörd vaksini təsdiqləyib. Bu, "Pfizer", "Moderna", "Johnson&Johnson" və "Vaxzevria" (İstehsalçı şirkət "AstraZeneca") vaksinidir.

Azərbaycanda geniş istifadə olunan Çin istehsalı "CoronaVac" və Rusiyanın ölkəyə yeni gətirilmiş "Sputnik V" vaksinlərini isə hələ ki, Avropa Birliyi tanımayıb. Azərbaycana yalnız Avropa Birliyinin tanıdığı vaksinlərdən "Vaxzevria", özü də az miqdarda gətirilib. Onların mayın 3-dən 60 yaşdan yuxarı insanlara tətbiq edildiyi açıqlanıb.

Bəs Çin və Rusiya vaksinləri ilə peyvənd olunmuş Azərbaycan vətəndaşları bu il Avropaya səyahət edə bilməyəcəklər?

Hələ bu il aprelin əvvəlində Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Marqaret Harris bildirmişdi ki, hazırda qurum Çin istehsalı vaksinlər haqqında məlumatları öyrənir və bu proses final mərhələsindədir. "Sputnik V" vaksininə gəlincə, vurğulayıb ki, onun qiymətləndirmə prosesi hələ ki, final mərhələsinə çatmayıb və bu vaksinin təsdiqləməsi haqqında qurumda heç nə deyə bilmirlər.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan"a deyib ki, Avropa Birliyi belə bir qərar qəbul edərsə, onun həyata keçirməsi çətin olacaq: "Onun icra mexanizmi asan olmadığı və reallaşmasında ciddi problem olduğuna görə bu qərarın son qərar olmadığını düşünürəm".

Deputatın sözlərinə görə, Avropa Birliyi özü maraqlıdır ki, Avropa məkanına Azərbaycandan gələnlər olsun: "Azərbaycandan Avropaya yalnız turistlər səyahət etmirlər, beynəlxalq tədbirlər, birgə layihələr var ki, orada nümayəndələrimiz iştirak edir. Bundan başqa, gənclərimiz Avropada təhsil alır. Müxtəlif proqramlar var ki, Avropa Birliyinə üzv olan ölkələr üçün önəmlidir. Əgər Çin vaksinindən istifadə edən ölkələrin vətəndaşları Avropaya gedə bilməsə, həmin layihələr yarımçıq qalar. Bu da ikitərəfli ziyan olacaq. Ona görə də düşünmürəm ki, bu, yekun qərardır".

M.İbrahimqızı vurğulayıb ki, Türkiyə də Çindən milyonlarla vaksin alıb: "Qardaş Türkiyə Çindən ən çox vaksin alan ölkələrdən biridir. Türkiyənin Avropa Birliyinə daxil olan ölkələrlə iqtisadi əməkdaşlığı, işbirliyi daha çox şaxəlidir, nəinki Azərbaycanın. İnanmıram ki, Avropa Birliyi bundan imtina etsin".

Komitə üzvü deyir ki, peyvənd olunmuş şəxslərə xüsusi sənədlərin verilməsi ilə tamamilə razıdır: "Hər bir ölkə öz əhalisinin sağlamlığına və təhlükəsizliyinə cavabdehdir. Ona görə də, digər ölkələrdən gələn şəxslərdən həmin sənədləri tələb etməsi normaldır. Əgər həmin peyvənd pasportlar təsdiqlənərsə, Azərbaycan da, təbii ki, bunları tələb edəcək".