Bəylər Əyyubovun və “Bandotdel”in adından dələduzluq - SENSASİON FAKTLAR

Zərərçəkən Çinarə Məmmədova DİN rəhbəri Vilayət Eyvazova müraciət edib
“Hürriyyət”in ötən saylarında “60 min manata dəyişən məhkəmə hökmü” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda 30 avqust 2016-ci il tarixdə, təxminən saat 12:30 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonundan keçən 40-cı kilometrində baş verən qəzadan söhbət gedirdi. Qeyd etmişdik ki, Qəbələ rayon sakini Məmmədov İlqar Osman oğlu idarə etdiyi “Ford Transit” markalı, 36-BH-329 dövlət qeydiyyat nişanlı mikroavtobusla hərəkət edərkən, qarşıdan gələn, Osmanov Fikrət Qədir oğlunun idarə etdiyi “Mitsubishi Canter” markalı, H 020146 dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə yüklənmiş dəmir konstruksiyalı reklam lövhəsinin küncü mikroavtobusun sol hissəsinə çırpılıb. Nəticədə “Ford Transit” markali mikroavtobusda olan sərnişinlər Şəfiyeva Aybəniz Sabir qızı və Talibova Xəyalə Sabir qızı həlak olub, İsmayilova Nihalə Mənsur qızı, Paşayeva Həqiqət Vəfadar qızı isə xəsarət alıblar.
Xatırladaq ki, qəzaya “Bakcell” şirkətinə məxsus olan və “İstanbul Reklam Market” MMC ilə müqavilə əsasından quraşdırılması nəzərdə tutulan reklam lövhəsinin daşınması qaydalarının kobud surtədə pozulması səbəb olub. Belə ki, yükün bir hissəsi qarşıdan gələn, Məmmədov İlqar Osman oğlu idarə etdiyi “Ford Transit” markalı mikroavtobusun yoluna çıxdığından, sürücü heç bir halda qəzadan yayına bilməyib. Nəticədə, “İstanbul Reklam Market” MMC-yə məxsus, Osmanov Fikrət Qədir oğlunun idarə etdiyi “Mitsubishi Canter” markalı yük maşınını üzərindəki reklam lövhəsi az qala 2 metrə yaxın avtomobildən kənara çıxsa da (FOTO) və ilkin məhkəmə instansiyası bu qəzada F.Osmanovun tam günahsız olduğunu sübut etsə də, istər Apellyasiya Məhkəməsi, istər də Ali Məhkəmə tamamilə fərqli nəticəyə gələrək, sürücünün həbsinə qərar veriblər. Hansı ki, bu məsələdə də “İstanbul Reklam Market” MMC-nin ödədiyi 60 min manat həcmində rüşvətin rol oynadığı haqda iddialar var.
Məsələnin digər tərəfi odur ki, İlqar Məmmədov və onun ailə üzvləri təkcə hakimlərin haqsızlıqları ilə üzləşməyib, onlar ədalətsizliyin bərpasına çalışdıqları zamanı özlərini Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun adamı, “Bandotdel”in əməkdaşı kimi təqdim edən şəxslərin dələduzluğuna məruz qalıblar. Bütün bunlarla bağlı İ.Məmmədovun qızı Çinarə Məmmədova “Hürriyyət” qəzeti vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciətində daha ətraflı açıqlama verib. Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Cənab nazir!
Atam Məmmədov İlqar Osman oğlu 01.10.2019-ci il tarixində avtoqəza ilə bağlı həbs olunub. Belə ki, qarşı tərəfdən gələn, “İstanbul Reklam Market” MMC-yə məxsus olan yük avtomobilinin üzərindəki reklam lövhəsinin daşınması qaydasına əməl olunmadığından, qəza baş verib və nəticədə iki nəfər həlak olub. Bu qəzada atam Məmmədov İlqar Osman oğlunun günahsız olduğunu sübut edən çoxsaylı faktlar, şahid ifadələri olmasına rəğmən, həmin hadisənin “səbəbkarı” kimi atamı həbsə atıblar. Əslində, ilkin məhkəmə instansiyasının qərarında da atamın günahsız olduğu təsdiq olunub və ona bəraət verilib. Lakin sonradan, “İstanbul Reklam Market” MMC-nin vəkilinin də etiraf etdiyi kimi, hakimlərin rüşvətlə ələ alınması nəticəsində atam həbsə atılmışdır.
Atam Məmmədov İlqar Osman oğlu suçsuz yerə artıq 2 ildir həbsdədir. Bu müddət ərzində biz atamın günahsız olduğunu sübuta yetirmək üçün bütün qanuni və hüquqi yollara əl atdıq. Ancaq çox təəssüf ki, qarşı tərəfdən fərqli olaraq, bizim rüşvət verməyə böyük məbləğdə maddi vəsaitimiz olmadığından, baş vermis qəzada heç bir günahının olmadığı qanunla sübuta yetirilən atamı həbsdən azad etdirə bilmədik.
Cənab nazir!
Bacımın Lyudmila adlı iş yoldaşı aprel ayında bu hadisələr barədə məlumat əldə etdikdən sonra, bizə kömək edə biləcəyini bildirib. O, həyat yoldaşı Sərxanlı Hüseynin “Bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində - red.) işlədiyini və “yuxarı”larla əlaqələrinin olduğunu vurğulayıb. Həmin vaxt bacım deyib ki, bu işin həllinə kömək etsə, ömrü boyu ona minnətdar olar. Bundan sonra Lyudmila həyat yoldaşı ilə danışdıqdan sonra ona cavab verəcəyini bildirib.
Bu söhbətin səhərisi günü Lyudmila bacıma deyib ki, həyat yoldaşı Sərxan dostu Nazim ilə danışıb, o, bu işi 11 min AZN-ə həll edə biləcəyini bildirib. Lyudmila onu da vurğulayıb ki, Nazim elə bu cür işlərlə məşğul olur, Bəylər müəllimin (Söhbət Bəylər Eyyubovdan gedir – red.) yaxın adamı olduğundan, istər prokurorluqda, istər də digər dövlət qurumlarında tanışları çoxdur. Sonda onu da deyib ki, 11 min AZN-i ən qısa müddətdə düzəldin, iş çox da yubanmasın.
Cənab nazir!
Atamın günahsız olduğunu sübut etmək üçün bütün hüquqi prosedurlara əl atdığımızdan, lakin buna nail ola bilmədiyimizdən, etiraf edim ki, Lyudmilanın təklifi bizim üçün cəlbedici olmuşdu. Ən əsası da ona görə ki, ortada ölkənin ən nüfuzlu şəxslərindən biri olan Bəylər Eyyubovun, eləcə də “Bandotdel” kimi nüfuzlu dövlət qurumunun adı çəkilirdi. Ağlımıza da gəlməzdi ki, B.Eyyubovun adamı və “Bandotdel”in işçisi 11 AZN pulumuzu ələ keçirmək üçün bizə qarşı bu cür dələduzluq edə bilər. Əslində, onlara verəcək 11 min AZN pulumuz da yox idi. Lakin atamı həbsdən azad etdirmək üçün dost-tanışdan borc taparaq, həmin pulu düzəltdik və 2021-ci il mayın 1-də “Toyota” markalı, 99-UV-643 dövlət nömrə nişanlı avtomobillə evimizə gələn Lyudmila və həyat yoldaşının yanında, bizə “Bəylər müəllimin yaxın adamı” kimi təqdim olunan Nazim adlı şəxsə verdik. Nazim pulu alarkən dedi ki, əmisi oğlu prokurordur, işi onun vasitəsilə həll edəcək. Lakin, iyunun 1-də məhkəmə olsa da, atam həbsdə qaldı. Bundan sonra bizə məlum oldu ki, həmin şəxslər tərəfindən aldadılaraq, dələduzluğa məruz qalmışıq.
Həmin gündən sonra pulumuzu geri ala bilmirik. Bir dəfə cəmi 2 min manat qaytardılar, dedilər ki, gerisi hansısa generaldadır, alıb qaytaracağıq. Lakin indiyə qədər də müxtəlif bəhanələrlə pulumuzu vermirlər.
Cənab nazir!
Biz Nazim adlı şəxsə verdiyimiz 11 min AZN-i qohum-əqrəbadan borc alarkən düşünürdük ki, atamız həbsdən çıxar, çalışıb həmin pulu qaytararıq. Lakin atam həbsdə qaldığından və bizim 3 bacı, 1 qardaş olaraq hazırda həmin vəsaiti qaytarmaq imkanımız olmadığından, borc aldığımız insanlar qarşısında da çarəsiz vəziyyətdə qalmışıq.
Sizdən xahiş edirəm ki, özünü “Bandotel” əməkdaşı kimi təqdim edən Sərxanlı Hüseynin və “Bəylər müəllimin yaxın adamı” olduğunu iddia edən Nazim adlı şəxsin barəsində araşdırma aparılıb, barələrində hüquqi tədbir görülməsinə və bizə dəyən maddi zərərin ödənilməsinə göstəriş verəsiniz”.
Hazırladı: KƏNAN
Redaksiydan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.