​“Bu təxribatçılar mütləq cəzalandırılmalıdır” – AZƏR SÜLEYMANOV

Baxış sayı:
2556

Məlum olduğu kimi artıq iki gündür ki, sosial şəbəkələrdə koronavirusun Marneulidə bir qadında aşkarlanmasından sonra bəzi etnik gürcü vətəndaşlar etnik azərbaycanlılara təhqiramiz ifadələr işlədirlər.
24News.ge xəbər portalına müsahibə verən "Vahid Milli Hərakat" partiyasının deputatı Azər Süleymanov bu cür məslələrin baş verməsində hazırkı hakimiyyəti günahlandırıb:
"Təəssüflər olsun ki, 2012-ci ildən bəri ölkədə milli məsələ mövzusu 90-cı illərə qayıdıb. Bilirsiz ki, Mixeil Saakaşvili dövründə Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin tamhüquqlu vətəndaşı oldular. Həmin dövrdə Tatar kəlməsini işlədən şəxslər cəzalandırlırdı. Bu gün isə biz görürük ki, hansı məsələlər baş verir. Ölkənin belə bir çətin vəziyyətində bu cür təxribatyönlü ifadələr işlədənlər mütləq cəzalandırılmalıdır. Hazırki durumda biz bir olmalıyıq ki, dövlətimizi bu ağır vəziyyətdən üzü ağ çıxaraq, indi etnik ayrımcılıq salmaq vaxtı deyil. Mən dövlət qrumlarından xahiş edirəm ki, belə təxribatyönlü addımlar atan şəxslərə qarşı ciddi ölçülər götürülsün.
Azərbaycanlı gənclərimizə müraciət edərək demək istəyirəm ki, belə təxribatyönlü fikirlərə heç bir aqressiv cavab verməyin. Biz tarix boyu gürcü qardaşlarımızla bu torpaqlarda birgə yaşayıb, bu ölkəni də birgə qurmuşuq. Bunu hər kəsd ə yaxşı bilir, təkrar etməyə ehtiyac yoxdur.
Bizim bu gün bir istəyimiz var, o da ölkəmizin koronavirus bəlasından uzaq olması, insanlar normal öz həyat tərzinə qayıtması və ölkəmizin inkişafı yolunda öz uğurlu addımlarını atmasıdır.
Marneulidə bir nəfər virusa yoluxubsa, Tbilisidə 60-dan çox yoluxan var. O zaman onlar hansı səbəbdən yoluxub - bu sual gərək o təxribatyönlü fikirlər söyləyənləri biraz düşündürsün! Hər kəs bilir ki, virusun milli kimliyi və ya dini mənsubiyyəti yoxdur. Biz yaxşı görürük ki, dünyanın hər yerində virusdan necə əziyyət çəkirlər.
Mən bir daha xalqıma müraciət edərək demək istəyirəm ki, "Ümumdünya Səhiyyə Təşkilatının və ölkənin Səhiyyə Nazirliyinin tövsiyələrinə diqqət etsinlər və bu sınaqlı günləri səbr etsinlər, öz sağlamlıqlarına diqqət etsinlər. Biz çox çətinliklər və ağır günlər keçirmişik və İnşallah, yaxın vaxtda bu çətinliyi də birlikdə arxada qoyub, birgə bu hakimiyyətə qarşı mübarizəmizi davam etdirəcəyik" - deyə Azər Süleymanov bildirib.