“Bu, səfehlik, axmaqlıq və cahillikdir” - Şou-biznes əhlinin “hacı qalmaqalı”na sərt tənqid

Baxış sayı:
11560

Azərbaycanlı xanım müğənnilər arasında yeni trend yaranıb. Onlar həyat yoldaşlarının, sevgililərinin hacı olması ilə öyünürlər. Şou-biznes əhli sevgililərinin, həyat yoldaşlarının təkcə dindar olması ilə deyil, həm də maddi imkanları, çoxlu pullarından da danışırlar. 

Məsələn müğənni Şəbnəm Tovuzlu, Afət Fərmanqızı, Sabina Selcan və meyxanaçı Samirə Yusifqızı kimi şou-biznes nümayəndələrinin hacılarından tez-tez danışılır. Cəmiyyətin qıcıqla, etirazla qarşıladığı xüsusisən də son vaxtlar bəzi müğənnilərin sevgililərinin hacı olmasına dair piar aparmalarıdır. Digər həmkarları da onlarla rəqabətə girərək, aşiqlərinin, sevgililərinin, “sponsorlarının” hacı olmasına dair açıqlamalar verirlər, bunun üzərindən reklamlarını qururlar. Belə olan halda isə bir vaxtlar hörmətəlayiq, dindar kimi yad etdiyimiz hacılar haqqında mənfi fikirlər səslənməyə başlanılır.

Bəs görəsən, bu adı daşıyanlar necə olmalıdır, davranmalıdır? Ümumiyyətlə bu adı kimlər daşıya bilər? Mövzu ilə bağlı ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan Ə. Həsənov əvvəlcə Həci adı ilə bağlı danışıb:

“Bildiyimiz kimi, Azərbaycan Həcc olunan bir yer deyil. Yəni ölkəmizdə Həcc ziyarəti həyata keçirilmir. Həcc ziyarətinin həyata keçirilməsi üçün Məkkəyə getmək lazımdır və Məkkəyə gedən müsəlmanlar Həcc ərəfəsində bir-birilərini tanımadıqlarına görə bir-birilərinə “həci” deyə müraciət edirlər. Həcc sözü “Qurani-Kərim”də də var. Hətta “Həcc” surəsi də var. Quranda həcc etmək barədə Allahın əmri var. Hər bir müsəlmanın borcudur ki, ömründə ən azı bir dəfə Həccə getsin. Amma Həcc ziyarətinə gedib, sonradan bu titulu qazanmaq, adı öz üzərinə götürmək olmaz. Ümumiyyətlə, dində belə bir şey yoxdur. Qədim zamanlarda insanlar, xüsusilə bəzi dini cərəyanlarda  özlərinə ad, hörmət qazanmaq üçün bu addan istifadə edirdilər. Ancaq müasir dövrdə bu düzgün deyil. Çünki o insanlar Həcc ərəfəsi zamanı bir-birilərini tanımadıqlarına görə bu addan istifadə edirlər. Əgər şəxs Həcc ziyarətinə gedib-gəldisə, Allahın əmrini yerinə yetirmiş hesab olunur və bununla da iş bitir. Növbəti dəfə imkanı olarsa, yenə ziyarət edə bilər və ya  özü getməsə də, başqa birini ziyarətə göndərə bilər. Bu özü də böyük savabdır. Çünki peyğəmbərin də bir hədisi var ki, əgər özün getmirsənsə, başqa birini yollasan, sanki özün həcc etmiş kimi savab qazanırsan. 

O, hacı sözünün indiki dövrdə mənasını dəyişməsi ilə bağlı da fikir bildirib:

“O ki, qaldı bugünkü dövrümüzdə insanların hacı adından istifadə etməsinə, bu qətiyyən düzgün deyil. Xüsusən də  qadınlar var, onlar pullu kişilərdən istifadə edirlər  və deyirlər ki, guya o, Həcc ziyarətini edib. Həmin adamın əməli düzgün deyil.  Həmin adamın şəri baxımdan da etdiyi əməl düzgün sayılmır. Çünki bu insan günah edir: qadınları  aldadır, yoldan çıxarır ki, guya bunun yaxşı imkanı var, pulu var. Beləcə onlar qadınların da hissləri ilə oynayırlar. Bu təbii ki, doğru deyil. Fikrimcə, bu titul ümumiyyətlə, ləğv edilməlidir. Çünki insanlar gedirlər müəyyən bir yeri ziyarət edirlər, məsələn hansısa qəbrləri və ya Kərbəlaya gedirlər, oranı ziyarət edirlər və “Kərbəlayi” adını alırlar. Onda belə çıxır ki, biz gedək hər hansısa bir ölkədə qəbrləri ziyarət edək, oradakı məşhurların qəbrlərinə gedək  və onların adını götürək. Bu baxımdan  yanaşdıqda görürük ki, bu bilməzlikdən, insanların dini savadının olamamasından irəli gəlir. Xüsusilə, bu addan istifadə edərək, insanları, qadınları aldatmaq istəyirlər.

Hacı adını yığışdırmaq lazımdır. İnsan özünü əməlləri ilə göstərməlidir.  Ətrafdakılar onu əməlləri ilə tanımalıdır, hansısa adı öz üzərinə yazmağı ilə yox. Bu gün görürük ki, hacılarla bağlı ölkədə nə qədər problemlər yarşanır. Niyə? Çünki bunlar gedirlər Həcc ziyarətinə və gələndə şəriətə, İslama, milli-mənəvi dəyərlərə zidd əməllər edirlər. Bu addan istifadə edib müğənni qadınları ələ almaq, onlara pul paylamaq hacılıq sayılmır.  Bu, səfehlik, axmaqlıq və cahillik sayılır”.