“Bu gün dövləti içəridən qarışdıra biləcək tək fiqur Ramiz Mehdiyevdir” – CAHANDAR BAYOĞLU

Baxış sayı:
502

 “Ramiz Mehdiyevin mübarizəsi Birinci xanıma, Prezidentə deyil, Azərbaycan dövlətinə qarşı yönəlib”

“Hesab edirəm ki, Ramiz Mehdiyev və onun çətəsi altında olan adamlar qısa zamanda Azərbaycanın siyasi həyatından çəkiləcəklər”

2016-cı il iylun 15-də Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ təşkilatının qardaş Türkiyədə həyata keçirdiyi dövlət çevrilişinə cəhd olayı Azərbaycana da təsirsiz ötüşmədi. Belə ki, bu cəhdin baş tutması istər Türkiyədə, istər də Azərbaycanda Fətullah Gülən tərəfdarlarına qarşı geniş əməliyyatlara rəvac verdi. Nəticədə çox sayda həbs olunanlarla yanaşı, ölkəni zamanında tərk edənlər də oldu. Bir qrup isə qeyri-müəyyən vaxtadək öz “hücrələrinə” çəkilib, gözləməyə üstünlük verdi. Bəs, 4 il sonra bu sahədə vəziyyət necədir, FETÖ problemi hər iki ölkədə aradan qalxıb, yoxsa bu şəbəkə hələ də öz fəaliyyətini davam etdirir? Bu və digər suallara Turan Partiyasının başqanı Cahandar Bayoğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

(Əvvəli bu linkdə:https://muxalifet.az/bu-gun-azrbaycanda-feto-dn-d-boyuk-ct-movcuddur-cahandar-bayoglu.html/)

– Sualım cavabsız qaldı, amma yeri gəlmişkən bu sualı da verməliyəm: Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılan Ramiz Mehdiyev yenə də həmin strukturları idarə edə bilir?

– Ramiz Mehdiyev vəzifədən getsə və bu gün həmin strukturları idarə etməsə belə, həm Moskva tərəfindən idarə olunan çətənin üzvləri, həm də Amerika və Avropa kəşfiyyat strukturları tərəfindən idarə olunan birləşmiş qüvvələr Ramiz Mehdiyevin adından hər zaman bu işi sənədləşdirə bilərlər. Onlar Fətullah Gülən üzərindən də bur cür fəaliyyət göstəririlər. Amerikadakı kürəsəlçi qüvvələr Türkiyədə istədikləri bir işi həyata keçirib, sonra da bunu FETÖ-nün adı ilə bağlayırlar. Nəticədə bu məsələdə FETÖ-nün adı hallanır. Amma elə hadisələr olur ki, ondan heç FETÖ-nün xəbəri olmur. Azərbaycanda da bu güclər sabah, birigün hakimiyyət strukturlarında və müxalitətdə formalaşdırdığı qüvvələrin əli ilə elə hadisələr törədə bilərlər ki, Ramiz Mehdiyevin ondan xəbəri olmaya bilər. Amma həmin hadisələr onun üzərindən həyata keçirildiyi üçün Ramiz Mehdiyev məcbur olacaq ki, ən azı sussun və bununla “bəli, bu işin başında mən dururam” mesajını versin. Bu da onun vəzifə borcu və kürəsəlçi güclər qarşısında götürdüyü öhdəlikdir. Bu baxımdan da, onun vəzifədən gedib-getməməsi elə də ciddi bir əhəmiyyət daşımır. Xarici qüvvələr bu gün Azərbaycanda nə qədər güclüdürsə, nə qədər hakimiyyət strukturlarında və müxalifət partiyalarında hakimdirlərsə, onlar istənilən zaman ölkəmizdə müxtəlif hadisələr törədə, bunu da sabah Ramiz Mehdiyevin, yaxud da bir başqasının adı ilə də bağlaya bilərlər. Sadəcə Ramiz Mehdiyevin burda fərqliliyi ondadır ki, o, bu siyasi kursun içərisində və onun bilicisi, “master”i olan bir adam olduğu üçün hətta özünün xəbəri olmadan baş verən və verəcək hadisələrin kim tərəfindən və nə məqsədlə həyata keçirildiyini bilir.

Ceyhun Osmanlı ilə bağlı sualınıza gəldikdə, o adamın partiya qurması, sabah nələrsə etməsi heç də o demək deyil ki, o, qurduğu partiya ilə Ramiz Mehdiyevin rolunu oynaya bilər. Bu gün Azərbaycanda Fətullaha bağlı olan, Amerikanın kürəsəlçi qüvvələrinə gədalıq etmyə hazır olan onlarla yüksək rütbəli məmur və partiya rəhbərləri var. Bu baxımdan da Ceyhun Osmanlının adını bu səviyyədə hallandırmaq, onun üzərindən hər hansı bir siyasət düşünmək düzgün olmaz. Biz Azərbaycanda prosesin mahiyyətini, bu cür məmur ordusunun, deputatların, siyasi xadimlərin və partiyaların davranışlarını, nə demək istədiklərini bilərək, dövlətin ağlı ilə millətin iradəsini birləşdirərək, onların kodlu danışıqlarına qarşı öz iradəmizi qoymaqla bu qüvvələri neytrallaşdırmalıyıq ki, onlar Azərbaycanda söz sahibinə çevrilməsin.

– Söhbət Ceyhun Osmanlının üzərində hər hansı siyasət qurmaqdan getmir. Xatırladaq ki, Ceyhun Osmanlı “FETÖ imamı” kimi ifşa olunduqdan sonra “Odlar Yurdu” Universitetində çalışmağa başladı. Amma Türkiyə tərəfindən etiraz olunması nəticəsində onun bu vəzifədən uzaqlaşdırılması faktdır. Belə bir şəxsin sonradan Fətullah Gülənin ən etibarlı adamlarından olan Elnur Aslanovla birgə Azərbaycanda yeni siyasi partiya yaratması, qısa müddət ərzində qeydiyyata aldırması və onun özünün dövlət rəsmiləri səviyyəsində qəbul edilməs təsadüfdür?

– Bu başdan birmənalı deyim ki, Ceyhun Osmanlı və ya Elnur Aslanovun Azərbaycanda siyasətlə məşğul olmaları milli maraqlarımıza ziddir. Onlar özləri ifşa olunan adamlar kimi meydandan çıxmalıdırlar. Amma Azərbaycanda Elnur Aslanov və Ceyhun Osmanlı kimi kripto (sirli, gizli fəaliyyət göstərən – red.) olan çoxsaylı partiya rəhbərləri və insanlar da var. Elnur Aslanov, Ceyhun Osmanlı ifşa olunmuş adamlardır. Amma kriptolar var ki, onlar hələ ifşa olunmayıb və özlərini milli qəhrəman hesab edirlər. “Bu gün Azərbaycanda söz sahibi bunlardır, Azərbaycan bunlarsız yaşaya bilməz” kimi bir obraz yaratmağa çalışırlar. Biz onlardan danışmayılıq. Təbii ki, arada bir Ceyhun Osmanlının da adını çəkməliyik ki, insanlar belə adamların millət tərəfindəın dışlanmasının nəyə gətirdiyini bilsin və hər kəsə də görk olsun.

Partiya qeydiyyatı məsələsinə gəldikdə, bilirsiniz ki, son olaraq 7 partiya qeydiyyata alınıb. Onlardan ən az 3-4-ü haqqında məlumatım var ki, rəhbərləri Moskvayönlüdür və partiyalarının adları var, özləri yoxdur. Yəni partiyalarında 1 nəfər var, o da özləridir. Onlar qeydə alınsa nə olacaq, alınmasa nə olacaq?! Bilirsiniz ki, o partiyalardan biri də Azərbyacan milli demokratik düşərgəsinin nümayəndəsi kimi tanınan Sülhəddin Əkbərin partiyası idi. Biri milli düşərgənin nümayəndəsi kimi tanınır, Ceyhun Osmanlı da iqtidarın nümayəndəsi kimi tanınırdı, sonra Fətullahın nümayəndəsi kimi ifşa olundu. Eyni zamanda, bu gün Sülhəddin Əkbər haqqında da çox qəribə fikirlər səsləndirlir. Onun keçmiş fəaliyyəti və indiki açıqlamaları, o cümlədən onu yaxından tanıyan adamların müxtəlif fikirlər səsləndirməsi və s. Bilirsiniz ki, onun ən yaxın silahdaşlarından olan Pənah Hüseyn onun qaranlıq qüvvələrlə işbirliyində olduğu haqda fikir səsləndirib və o da susub. Bu məsələ də qaranlıq qalır. Artıq bu cür adamların partiya rəhbəri olub-olmaması mənə elə gəlir ki, Azərbaycanda heç nəyi dəyişdirməməlidir. Azərbaycan xalqı bu adamları tanıdıqca, onlar partiya sədridir, vətəndaşdır, yaşayır-yaşamır, onun üçün elə də bir əhəmiyyət kəsb etməyəcək.

– Son vaxtlar Ramiz Mehdiyev, Ramil Usubov və Eldar Həsənovun Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya qarşı birləşdikləri haqda informasiyalar da var. Bu haqda nə deyə bilərsiniz?

– Təbii ki, Ramiz Mehdiyevin bu gün adını siyasi proseslərdən kənarlaşdırmaq mümkün deyil, hər yerdə o, var. Çünki bu gün dövləti içəridən qarışdıra biləcək tək fiqur Ramiz Mehdiyevdir. Eyni zamanda, ola bilər ki, bu informasiyanı atan bəlkə də Ramiz Mehdiyevin özü və adamlarıdır. Ramil Usubovla Ramiz Mehdiyevin bir adam olmasını hər kəs bilir. Təzədən onlar niyə birləşsin ki?! Onsuz da Ramil Usubov Ramiz Mehdiyevin strukturunun altında olan adamdır. Mənə elə gəlir ki, bu fikri daha çox ona görə ortaya atıblar ki, cəmiyyətə mesaj versinlər ki, “Naxçıvan klanı” “Qarabağ klanı” ilə birləşib. Eldar Həsənov niyə ortaya atılıb? Bu da özünü doğrultmayan bir iddiadır. Bildiyiniz kimi, Eldar Həsənov uzun zaman Azərbaycanın baş prokuroru olub, Azərbaycan siyasi həyatında da tanınmış bir adamdır. Eldar Həsənov heç vaxt Ramiz Mehdiyevlə birləşməz.

Amma burada bir nüansı da deyim ki, bu gün Ramiz Mehdiyevin mübarizəsi Birinci xanıma, Prezidentə qarşı mübarizə kimi dəyərləndirilməməlidir. Moskvadan və Amerikdan idarə olunan, Ramiz Mehdiyevin adı ilə birləşdirilən bu struktur Azərbaycan dövlətinə qarşı yönəlib. Yəni bu, fərdlərə qarşı mübarizə deyil, dövlətimizə və millətimizə qarşı bir mübarizədir. Ramiz Mehdiyev yazıq, zavallı bir adamdır ki, bu güclərin toruna düşüb. Eyni zamanda artıq onun çevrəsində – Moskva və Amerika şəkəsinin altında, həm də paralelində bir erməni maraqları da var ki, burda birləşirlər. Mən hesab edirəm ki, bu adam artıq Azərbaycan siyasi səhnəsindən könüllü getməlidir. Ramiz Mehdiyev ağıllı adam olsa, bu gün Elmlər Akademiyasından çıxıb, hər hansı bir dağ kəndinə gedər, dövlətdən xahiş edər ki, mənimlə bütün telefon əlaqələrini kəsin, yanıma heç kimi buraxmayın və Azrbaycanda mənim adımla baş verən oyunlarda mən iştirak etmirəm, özümü cəmiyyətdən təcrid etməklə ömrümün sonlarına yaxın bu yoldan geri çəkilirəm və Azərbaycan xalqı məni düşmən kimi tanımasın. Amma o, özünün fəaliyyəti ilə “meydanda mən də varam, hər yerə təsir edə bilərəm” tipli mahiyyətini ortaya qoyursa, bu, onun getdikcə mahiyyəti ortaya çıxan, çox aşağı səviyyəli bir durumda olduğuna işarə edir. Mən Ramiz Mehdiyev və onun çətəsi altında olan adamların zavallı insanlar olduğunu görürəm və hesab edirəm ki, onlar Azərbaycanın siyasi həyatından çox qısa zamanda çəkiləcəklər, dövlət rahat nəfəs alacaq. Onların qurduğu erməni-rus-ingilis şəbəkəsi darmadağın olacaq.

Ülviyyə ŞÜKÜROVA, Hurriyyet.org