​Bu, başqa ölkələrin Azərbaycana təxribatlarıdır - Millət vəkili

Baxış sayı:
2533

Azərbaycanda radikal dini təbliğatlara qarşı qanunvericilikdə göstərilən maddələr var. Ölkədə dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın rolu da əvəzsizdir.
Bu sözləri  millət vəkili Fazil Mustafa ölkədə dini radikalizmin qarşının alınması istiqamətində aparılan tətbirlərdən danışarkən deyib. O bildirib ki, bu istiqamətdə qanunvericiliyə əlavə edilən yeni müddəalar radikalizmin məhdudlaşdırılmasında kifayət qədər önəmli rol oynayıb:
“Bu onu göstərir ki, dövlətimiz bu istiqamətdə olduqca həssas mövqe sərgiləyir. Xüsusi diqqət ayrılır. Son dövrlərdə bu istiqamətdə Dini Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən yüksək səviyyədə maarifləndirmə işləri aparılır. Ən azı tətbiq edilən təsiredici mexanizmlərin nəticəsidir ki, son vaxtlar hansısa bir ölkəyə kütləvi şəkildə radikal cinahdan axın müşahidə olunmur. İnsanların bir hissəsi artıq bu yalançı cihada, çağırışlara uyub hansısa ölkələrə getmirlər. Bəzi ölkələrdə təhsil alan və militant kimi yetişdirilən xeyli kontingent var ki, gələcəkdə ölkə üçün təhlükəli ola bilər. Məhz bunları nəzərə alaraq, intensiv şəkildə maarifləndirici tədbirlərin görülməsi bu məsələnin hər zaman diqqətdə saxlandığına işarədir. Ümumilikdə xüsusilə müəyyən dini mərasimlərin yerinə yetirilməsində radikal elementlərin sui-istifadə edilməsinə qarşı da tədbirlər görülür. Mətbuatda rəsmi dövlət qurumlarının bəyanatlarında da bu sezilir. Azərbaycanda bu kimi halların geniş vüsət almasına qətiyyən yol verilməməlidir, çünki bu artıq dini inanclarla bağlı məsələ deyil. Burada başqa ölkələrin Azərbaycana yönələn təxribatlarının vasitəçisi olmaqdan söhbət gedir ki, bu da öz-özlüyündə cəmiyyət üçün ciddi təhlükədir. Bu kimi qruplara qoşulan insanlar özləri də bilmədən çox çətin prosesə daxil olurlar”.
F.Mustafanın fikrincə, bu proseslər təəssüf olsun ki, din adı altında aparılır. Amma dinə qətiyyən aid olmayan istiqamətlərdə cərəyan edir:
"Dini radikalizm elementlərinə qarşı aparılan mübarizəni dayandırmaq olmaz”.