Bərdədə yanan bazar söndürüldü - YENİLƏNİB

Baxış sayı:
803

Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdə rayonunda baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi, 26 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.

Qeyd edək ki, yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub".

***

Bərdədə güclü yanğın başlayıb. Hadisə Güloğlular kəndində, "Təzə Bazar" ərazisində qeydə alınıb. Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.