BMT QƏRARGAHI YANINDAKI TÜRK GÖYDƏLƏNİ: Ambisiyalara və ya Avroatlantik kursa sadiqliyin simvolu?

Baxış sayı:
431

Uzun müddət bir çox Qərb analitikləri yazırdılar ki, Türkiyə Avropa və ABŞ-dan üz döndərir və şərqə (Çin, Rusiya) doğru irəliləyir. Qeyd etmək lazımdır ki, bu cür proqnoz və təxminlər məntiqdən məhrum deyil.

Xüsusilə, Ərdoğanın və partiyasının uzun illərdir davam etdirdiyi daxili siyasəti, Vaşinqtonla Ankara arasındakı bir çox məsələlərdə, özəlliklə də ABŞ-ın Suriyanın şimalındakı kürd təşkilatları ilə əməkdaşlığı mövzusunda aşılmaz fikir ayrılıqlarını nəzərə alsaq.

Ancaq son zamanlarda başqa bir tendensiya da nəzərə çarpır - Qərb tərəfdaşları ilə, ilk növbədə, əlbəttə ki, Böyük Britaniya və ABŞ ilə ittifaq və tərəfdaşlığı gücləndirmək meyli.

Bir neçə gün əvvəl Nyu-Yorkda BMT-nin binasının yaxınlığında Türkiyənin inşa etdiyi yeni "Türkevi" göydələninin açılış mərasimi baş tutdu. Burada Türkiyə Konsulluğu və Türkiyənin BMT Daimi Nümayəndəliyi yerləşəcək.

Bu addım, bir tərəfdən Ərdoğanın BMT Təhlükəsizlik Şurası və bütövlükdə BMT-də islahatların aparılması zərurəti ilə bağlı bəyanatlarını yenidən xatırlada bilər. Bəlkə də müəyyən dərəcədə yeni göydələn, Türkiyənin BMT və Təhlükəsizlik Şurasında islahatlar aparmaq təşəbbüsləri üçün bir başlanğıc nöqtəsi olaraq çıxış etməyi nəzərdə tutur. Bu, şübhəsiz ki, Türkiyənin qlobal oyunçu roluna olan ambisiyalarının göstəricisidir. Digər tərəfdən, yeni göydələn həm də Türkiyənin Qərbdən uzaqlaşmasının tərəfdarları və əleyhdarları üçün bir siqnaldır. Ankara hələ də ABŞ-la münasibətlərə dəyər və böyük əhəmiyyət verir və ikitərəfli münasibətlərdə yığılmış problemlərə baxmayaraq, türklərin onilliklər boyu davam edən ortaqlıqdan əl çəkmək istəmədiklərini bəlli edirlər.

Bu, həm Vaşinqton, həm də Böyük Yaxın Şərq üçün yaxşı siqnaldır.

Digər diqqət çəkən detal, İngiltərənin Baş naziri Boris Conson ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında eyni göydələndə baş tutan görüşdür. İki ölkə lideri BMT toplantısı çərçivəsində görüşə bilərdi, amma əksinə Türkevi göydələnini seçdilər. Ərdoğan simvolizm sevgisi ilə də tanınır. Aydındır ki, London belə simvolizmə qarşı deyildi, çünki bu səviyyədə görüşlər əvvəlcədən tərəflər tərəfindən razılaşdırılır.

Böyük Yaxın Şərq regionunun geniş miqyaslı yenidən formatlanması İranın, eləcə də Rusiya ilə Çinin artan eskpansionizmi fonunda hər il daha da qaçılmaz hala gəlir.

ABŞ və Çin arasında artan gərginlik fonunda və Vaşinqtonun "Çin cəbhəsində" mümkün qədər çox qüvvə və resurs cəmləşdirmək istəyi, habelə İngiltərənin AB-dən çıxması və yeni "Qlobal Britaniya" konsepssiyasının qəbul edilməsi onu deməyə əsas verir ki, Vaşinqton və London uzun zaman periodunda Türkiyənin malik olduğu hərbi və əməliyyat potensialının 10%-inə belə malik olmayan hərbiləşdirilmiş qruplara və bölgədəki kiçik ölkələrə söykənərək mövqelərini müdafiə edə bilməyəcəklər.

Ola bilsin ki, Vaşinqton və Londonun qarşısında çətin seçim var: ya bölgənin yavaş-yavaş İran, Çin və Rusiya tərəfindən udulmasına icazə vermək, ya da Türkiyənin iştirakı ilə yeni təhlükəsizlik və durdurmaq konsepsiyasını qurmaq.

Əli HACIZADƏ

İngiliscədən tərcümə etdi: Qafqaz.media