Bir daha demək istəyirəm ki... - İlham Əliyev

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz son dörd il ərzində on dəfə görüşmüşük və hər bir görüşün böyük mənası, əhəmiyyəti var. Bu illər ərzində İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır. Biz məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Əldə edilmiş razılaşmalar icra olunur.
Muxalifet.az xəbər verir ki, bu sözləri martın 28-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdə bildirib.
"Biz bu gün məhdud tərkibdəki görüşdə bu barədə danışdıq. Bir daha demək istəyirəm ki, əldə edilmiş bütün razılaşmalar icra olunur və bu, ölkələrimizi bir-birinə daha da yaxın edir. Biz siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat – bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlığın gözəl nəticələri var. Bu günə qədər bir çox ikitərəfli sənədlər imzalanmışdır. Onlar icra edilir. Bu gün də imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq. İmzalanacaq sənədlər, o cümlədən Xəzər dənizində birgə işləməyimizi, Astara-Rəşt dəmir yolunun tikintisini nəzərdə tutur və digər sənədlər, əlbəttə ki, ölkələrimizi bir-birinə yaxınlaşdırmaq üçün xüsusi əhəmiyyət daşıyır.
Əsas məsələ ondadır ki, biz səmimi əməkdaşlıq edirik. Bizim aramızda çox sıx əlaqələr var. Dövlətlərarası əlaqələr sağlam zəmində qurulur. Qarşılıqlı inam var və nəticələr də bu amillərin bariz təzahürüdür.
Mən bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfər çox uğurlu olacaq və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar açılacaq", - İ. Əliyev söyləyib.




















