"Başakşehir" PSJ-yə böyük hesabla uduzdu

Baxış sayı:
8303

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, H qrupunda ötən gün təxirə salınmış PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) görüşü baş tutub.

Matçın 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib.

Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda ilk qol 21-ci dəqiqədə vurulub. Paris klubunun hücumçusu Neymar fərqlənib. Braziliyalı futbolçu 17 dəqiqə sonra dubl edib. 42-ci dəqiqədə Kilian Mbappe penaltidən fərqlənməklə, fərqi 3 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. 50-ci dəqiqədə Neymar het-trikini rəsmiləşdirib. 7 dəqiqə sonra "Başakşehir" Mehmet Topalın qolu ilə fərqi azaltsa da, 62-ci dəqiqədə Mbappe 5-ci topu İstanbul təmsilçisinin qapısından keçirib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran PSJ 1/8 final mərhələsinə qrup lideri kimi adlayıb. Aktivində 3 xalı olan "Başakşehir" isə sonuncu pillədə qalıb. H qrupundan PSJ ilə yanaşı, Almaniya "Leyptsiq"i də pley-offa yüksəlib. İngiltərənin "Mançester Yunayted" komandası isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.