Bakıda qadını intim görüntüləri ilə şantaj edən müğənnidən ŞİKAYƏT

Baxış sayı:
5770

Bakıda şantaj edərək hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Səfa Məmmədov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

"Teleqraf.com" xəbər verir ki, Səfa Məmmədov Bakı Apelyasiya Məhkəməsinə ünvalandığı şikayətində barəsində olan hökmün dəyişdirilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri müəyyən olunub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı noyabrın 5-ə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfa Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Səfa Məmmədov paytaxt sakini Əsli Babayevanı (ad və soyad şərti verilib - red.) şantaj edib. Səfa Məmmədov zərərçəkmişi əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.

İstintaq orqanı tərəfindən Səfa Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.