Bakıda kriminal avtoriteti öldürənlər məhkəmə qarşısına ÇIXARILIR

Baxış sayı:
12889

Binəqədi rayonunda Mübariz Budaqlının odlu silahdan açılan atəşlə qətlə yetirilməsi ilə bağlı istintaq davam edir.
Muxalifet.az musavat-a istinadən xəbər verir ki, bu il iyunun ilk günlərində baş verən qanlı olay geniş rezonans doğurub. İlk günlər Mübariz Budaqlının kriminal avtoritet olması xəbərləri yayılsa da, sonradan onun kriminaldan uzaq biri olduğu üzə çıxıb. Bununla da Rəsulzadə qəsəbəsində avtomobildə güllələnən Mübariz Budaqlının qətlinin kriminal dairələr arasındakı münaqişənin təzahürü ola biləcəyi ehtimalı aradan qalxıb. Bilinib ki, odlu silahdan açılan atəşlə öldürülən Mübariz Budaqlı məşhur riyaziyyatçının oğludur. Ziyalı ailəsində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. Bundan sonra özəl sektora üz tutub. Sonradan işləri alınmayıb, şərikləri ilə arasında anlaşılmazlıq yaranıb, barəsində dələduzluq maddəsi ilə axtarış başlanıb. Elə adının kriminala bağlanması da barəsində axtarış işi ilə əlaqəli olub.
Mübariz Budaqlı barəsindəki iş haqda xaricdə olarkən xəbər tutub. Bilib ki, onu hətta İnterpol xətti ilə axtarışa veriblər. Bakıya qayıdaraq məsələnin araşdırılması üçün istintaqla əməkdaşlıq edib. Bu da sonradan cinayət işinin rayon məhkəməsində baxılmasına yol açıb. Barəsində yol verdiyi xətalara görə yüngül cəza kəsilib.
Odlu silahla öldürülməsini də başqa bir anlaşılmazlığın nəticəsi kimi də qəbul etmək olar.
Yaxınları deyir ki, Mübariz Budaqlı dost dediyi şəxslərin qurduğu oyunlara qurban gedib. Ona Rusiyadan zəng edən dostlarından biri Tərtərdən olan və Bakıda yaşayan tanışları ilə barışmaq istədiyini bildirib. Mübariz Budaqlıdan xahiş edib ki, onları barışdırsın. Mübariz Budaqlı da tərəfləri barışdırmaq üçün gələcək qatili Taleh Cəlalovu arayıb.
Onu barış üçün Taleh Cəlalovun qapısına göndərən dostunun ikili oyun oynamasından məlumatsız olub. Belə ki, Mübariz Budaqlıya “bizi barışdır” deyən dostu Taleh Cəlalova “adam göndərirəm, gəlib sənin dərsini verəcək” deyibmiş. Mübariz Budaqlı məsələdən bixəbər olduğuna görə rahat şəkildə Taleh Cəlalovun qapısına gedib, o, evdə olmadığından geri qayıdıb. Mübariz Budaqlı ilə Taleh Cəlalovun qohumluq əlaqələri də var. Mübariz Budaqlı Taleh Cəlalovun qapısından geri qayıdanda ona zəng gəlib, yerini xəbər alıblar. Binəqədi ərazisində olduğunu deyən Mübariz Budaqlı ünvanına ağır söyüşlər eşidib.
Qarşılıqlı söyüşmə olub. Bundan sonrası isə kriminal süjetli filmi xatırladır. Mübariz Budaqlının olduğu avtomobili Binəqədi rayonu ərazində təqib ediblər. İlkin məlumatlarda 1 avtomobildən söhbət getdiyi bildirilirdi. Belə xəbərlər var ki, Mübariz Budaqlının olduğu maşını təqib edən 1 yox, 3 avtomobil olub. Təqib edən “BMW”dən Mübariz Budaqlının olduğu “Mercedes”ə atəş açılıb. Sürücünün yanında oturan şəxs güllə yarasından ölüb, sürücü canını qurtarıb. Sonrakı araşdırmalar zamanı məlum olub ki, təqibçilərin sürücünü öldürmək niyyətləri olmayıb. Faktla bağlı ilkin olaraq Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb. İstintaqın qənaətinə görə, hadisə baş verən gün Tərtər rayon sakini Vüsal Hüseynovun idarə etdiyi “BMW-745" markalı avtomobillə Bakı sakini Nazim Qədirovun idarə etdiyi ”Mercedes" markalı avtomobil təqib edilib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açıb. Olay zamanı əvvəllər məhkum olunmuş Mübariz Budaqlı qətlə yetirilib. Cinayəti törədən Taleh Cəlalov və Vüsal Hüseynov tutulublar. T.Cəlalovdan lüləsi kəsilmiş “İJ-16" markalı tüfəng götürülüb.
Belə iddialar da var ki, Mübariz Budaqlı ilə T.Cəlalov arasında uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər 2 nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.
Mərhumun ailəsinin vəkili Ceyhun Yusifov deyir ki, Mübariz Budaqlının qətlində iştirak edən şəxslərin tam dairəsi müəyyən edilməyib. Bu səbəbdən istintaqın gedişatı Mübariz Budaqlının yaxınlarını qane etmir.
Vəkil deyir ki, işdə olan bir çox qaranlıq məsələlərlə bağlı istintaqa məlumat verilib: “Ümid edirik ki, obyektiv araşdırma aparılacaq. Mübariz Budaqlı ziyalı ailənin övladıdır. Onun adının kriminal kimi hallandırılması doğru deyil. Ailəsi baş verən faciənin sarsıntısının təsirindən çıxa bilməyib. İstintaqın obyektiv aparılacağına, cinayətdə iştirak edən hər bir kəsin cəzaya çatdırılacağına inanırıq”.
Faktla bağlı ilkin olaraq Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sonradan iş materialları Binəqədi Rayon Prokurorluğundan Bakı Şəhər Prokurorluğuna ötürülüb. Hazırda istintaq davam edir.